"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiyanın üzvləri 8 mətbu nəşr və 1 xəbər portalı ilə bağlı məsələni müzakirə ediblər.


V.Rəhimzadə bildirib ki, bunların ikisi Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən araşdırılmağa təqdim olunub.


İclasda yekdilliklə rəyə gəlinib ki, "Ədalət tribunası" qəzetinin adının Mətbuat Şurasının "reket nəşrlər" üçün müəyyənləşdirdiyi "qara siyahı"ya salınması üçün kifayət qədər əsaslar mövcuddur. Bu zaman Şuranın Şikayətlər üzrə Komissiyasında aparılan müzakirələr, quruma daxil olan şikayətlər, qəzetdə gedən materiallarda etik prinsiplərə çoxsaylı sayğısızlıq hallarına və digər məqamlara istinad olunub.


"Dünya" İnformasiya Agentliyi ilə əlaqədar məsələyə baxılarkən komissiya üzvləri yekunda xəbər portalına sonuncu xəbərdarlığın olunması razılığına gəliblər. Qeyd edilib ki, informasiya agentliyindən şikayət doğuran materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinə əməl edilməyib.


"Dünya" İA-nın baş redaktoru Məhəmməd Ərsoya xəbər portalının fəaliyyətində dönüş yaratmaq tövsiyə olunub. Komissiya informasiya agentliyinin materiallarının monitorinqinin aparılmasını məqsədə müvafiq sayıb.


İclasda belə bir fikir vurğulanıb ki, adları "qara siyahı"da olan bəzi KİV rəhbərləri peşə fəaliyyətləri ilə bağlı olmayan hərəkətləri təsis etdikləri digər mətbu nəşrlər vasitəsilə həyata keçirirlər. Adı həmin siyahıda olan "Azərbaycan və iqtisadi yüksəliş" qəzetinin təsisçisi Müştəba Əliyev bu məqsədləri üçün "Azərbaycan ideyası" adlı qəzetdən istifadə edir. Komissiya hər iki mətbu nəşrdən peşə fəaliyyəti ilə bir araya sığmayan əməllərdə istifadə olunduğunu nəzərə alaraq "Azərbaycan ideyası" qəzetinin də adının həmin siyahıya salınması üçün MŞ İdarə Heyətinə təklif verməyi məntiqi sayıb.


İclasda bir sıra digər mətbu orqanlar barədə Şuraya daxil olan müraciət və məlumatlar da nəzərdə keçirilib. Belə rəyə gəlinib ki, "Korrupsiya və bəşəriyyət", "Vergilərə nəzarət", "Mayak", "Qanun və kriminal", "Nəzarətin gücü" qəzetləri ilə bağlı araşdırmalar davam etdirilməlidir. Komissiyanın rəyləri əsasında qərarların çıxarılması məsələsinə Şuranın İdarə Heyətinin iclasında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə