Təhsil nazirliyi müəllim axtarır

Azərbaycanın təhsil naziri 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulunun təşkili barədə əmr verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vakant yerlər barədə məlumatlar iyulun 1-dək nazirliyin rəsmi saytında və \"Azərbaycan müəllimi\" qəzetində veriləcək.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu ilə bağlı məlumatlar və imtahanların nəticələri nazirliyin saytında yerləşdiriləcək. Bu istiqamətdə artıq hazırlıq işləri aparılıb. İyulun 1-dən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, vakant yerlər Nazirlər Kabinetinin \"Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında\" qərarına uyğun olmaqla müəyyənləşdirilir. Dərs bölgüsü aparılarkən ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü (ümumi təhsil müəssisələri və peşə liseyləri üçün həftəlik 6-11 saatadək) vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim olunur.

Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur. Kənd yerlərində olan ümumi təhsil müəssisələrində fəaliyyətə başlayan gənc mütəxəssislərə əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerləri Təhsil Nazirliyi tərəfindən hər tədris ili üçün müəyyənləşdirilir və iyul ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilir.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...