Milli Məclisdə “İnformasiya əldə etmək haqqında” qanuna əlavələr müzakirə olunur
Bu gün Azərbaycan Milli Məclisinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin iclasında "İnformasiya əldə etmək haqqında" qanuna əlavələrin olunması müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanuna təklif olunan əlavədə qeyd olunur ki, informasiyanın əldə olunması o şərtlə icazə verilir ki, bu Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
İclasda çıxış edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, informasiyanın əldə edilməsinin məhdudlaşdırılmasınınn çərçivəsi göstərilməyəndə bundan sui istifadə olunur: "Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə etməsinə məhdudiyyətlər qoyulur. Əlavənin edilməsi informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək".
Ə.Hüseynli həmçinin qeyd edib ki, Azərbaycan bu istiqamətdə Avropa İttifaqının sənədlərini və digər beynəlxalq konvensiyaları ratifikasiya edib.
Parlamentin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə iclasda çıxışı zamanı bildirib ki, əlavədə qeyd olunan siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlar barədə informasiyanın konfidensiallığının qorunması hazırkı zamanda olduqca vacibdir. Onun sözlərinə görə, hazırki təlatümlü bir vəziyyətdə bu dövlətin təhlükəsizliyinin qorunmasının xüsusi əhəmiyyəti var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB