Millət vəkili müəllim və şagird kollektivi ilə görüşüb - FOTO

Millət vəkili müəllim və şagird kollektivi ilə görüşüb - FOTO

Millət vəkili Qənirə Paşayeva Bakı Türk İlk Öyretim Okulunu ziyarət edib. SİA-nın məlumatına görə, məktəbin rəhbəri Kelam Canbolat ilə görüşündə millət vəkili Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlığın olduğunu qeyd edib. Ölkəmizdə fəaliyyət göstərən türk məktəblərinin Azərbaycan təhsilinin inkişafında xüsusi yerə malik olduğunu bildirən, Qənirə Paşayeva ali təhsil məktəblərinə yüksək balla qəbul olanlar arasında türk məktəblərinin məzunlarının çox olmasını müsbət qiymətləndirib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Q.Paşayeva ölkəmizdə fəaliyyət göstərən türk məktəblərinin savadlı, bilikli azərbaycanlı gənclərin yetişməsində rolunu yüksək qiymətləndirib. Millət vəkili orta məktəblərdə ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini qeyd edib.

Bakı Türk Ilk Öyretim Okulun rəhbəri Kelam Canbolat Azərbaycanda türk məktəblərinin fəaliyyət göstərməsi üçün bütün şərtlərin yaradıldığını qeyd edib, Azərbaycan təhsilinin inkişafına bundan sonra da layiqincə xidmət etməyə çalışacaqlarını bildirib. Görüşdə həmçinin orta təhsil sahəsində əlaqələrin gələcək inkişafının mühüm olduğu, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, görüşdən sonra millət vəkili Q.Paşayeva məktəbin müəllim və şagird heyəti ilə görüşüb. Onları maraqlandıran sualları cavablandırıb eyni zamanda məktəbin dərgisinə müsahibə verib.



Bütün xəbərlər Facebook səhifəmizdə