Elman Abdullayev: "Azərbaycanın İrandakı səfirinə heç bir nota təqdim olunmayıb" - MÖVQE
Azərbaycanın İranla bağlı mövqeyi dəfələrlə rəsmi şəkildə bəyan edilib. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan qonşu dövlətin daxili işlərinə qarışmır və öz ərazisindən ona qarşı heç bir təcavüzə yol verməyəcəkdir. Azərbaycana qarşı törədilən təxribatlara da adekvat cavab veriləcəkdir.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
E.Abdullayev İranın xarici işlər naziri Əli Əkbər Salehinin Azərbaycanda guya İran müqəddəslərinin təhqir olunmasını bildirməsinə cavab olaraq deyib ki, Təbriz şəhərində Azərbaycanın baş konsulluğu qarşısında təşkil olunmuş aksiyada Azərbaycan dövlətinə qarşı xoşagəlməz ifadələr işlədilib. Buna görə də Azərbaycan tərəfi İran tərəfinin üzr istəməsini gözləyir və iki qonşu ölkənin münasibətlərinə xələl gətirə biləcək bu cür aksiyaların təkrar olunmamasını tələb edir.
Azərbaycanın Tehrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim olunması haqqında bəzi kütləvi informasiya vasitələrinin yaydıqları xəbərləri təkzib edən E.Abdullayev bildirib ki, bu cür xəbərlərin heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə dəvət olunsa da ona nota təqdim edilməyib. Azərbaycan diplomatına İranın Azərbaycandakı səfirinin Tehrana çağırılmasının səbəbi açıqlanıb və bildirilibki, dövlətlərimiz arasında elə bir ciddi problem yoxdur və səfirlə sadəcə olaraq məsləhətləşmələr aparılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB