Bakıda möhtəşəm Gül bayramı keçirilir- YENİLƏNİB - FOTOSESSİYA

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edib. SİA-nın məlumatına görə, səhər saatlarından başlayaraq Bakının bütün rayonlarından orta məktəb və bağçaların Gül Bayramı üçün hazırlanmış nümunəvi kollektivləri Sahil bağında toplaşıb. Onlarla kollektiv məktəbli oğlanlardan ibarət böyük nağaraçı dəstənin müşayiəti ilə Heydər Əliyev Sarayı qarşısındakı parka doğru irəliləyiblər. Yürüşün başında isə xüsusi bəzədilmiş faytonlar olub. Bu gün saat 11.00-dan Heydər Əliyev Sarayının qarşısındakı parkda Prezident İlham Əliyevin baxışından sonra gül bayramı açıq elan olunub.

Daha sonra isə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov da parkdakı mənzərə ilə tanış olub. Güllərdən hazırlanan kompozisiyalar Bakı sakinlərinin böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif növ 116 ton gül gətirilib. Heydər Əliyevin güllərdən hazırlanmış portretinə isə xüsusi diqqət ayrılıb. Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerləri birgə çalışıb. Park mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacaq.

Qeyd edək ki, bu gün axşam saat 21.00-da Milli Parkın ərazisində saat qülləsi yanında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq olacaq. Bakı Şəhər İcra Hakimiyyəti bakılıları, eləcə də qonaqları bu təravətli və füsunkar bayram şənliyinə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə