“Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans öz işinə başlayıb - YENİLƏNİB

“Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans öz işinə başlayıb - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfransı bu gün öz işinə başlayıb.


"Gülüstan" sarayında keçirilən tədbirin açılışında Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanda qarşıdakı dövrlərlə əlaqəli inkişaf konsepsiyasının işlənib hazırlanması üzrə çox geniş, aktiv işlər aparılır. "Təsadüfi deyil ki, YAP-ın ümummilli liderin doğum günü ərəfəsində keçirdiyi ənənəvi konfransların bu ilki tematikası məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmaqda olan \"Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası\"nın tematikasına uyğun şəkildə həyata keçirilir", - o deyib.


Əli Əhmədov qeyd edib ki, 2003-cü ildən başlayaraq Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə hər il onun anadan olduğu gün ərəfəsində çoxsaylı tədbirlər, həmin günə həsr edilmiş konfrans keçirir. Bu il də əvvəlki illərdə olduğu kimi, müxtəlif tədbirlər təşkil edilib, konfransın materialları isə partiyanın İcra katibliyi tərəfindən toplanaraq eyniadlı kitab şəklində çap olunub.

YAP sədrinin müavini qeyd edib ki, xalqımız Ulu öndərin doğum gününü ümummilli bayram kimi qeyd edir. Onun sözlərinə görə, ölkəmizin hər yerində, dünyanın azərbaycanlıların yaşadığı hər bir ölkəsində Heydər Əliyevin xatirəsi bu il də geniş şəkildə anılır, Ümummilli liderə insanların dərin hörmət və ehtiramı bir daha vurğulanır.

Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən YAP sədrinin müavini qeyd edib ki, artıq Azərbaycan yeniləşir, müasirləşir və modernləşir. "Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müasirləşməsi məsələsi onun fəaliyyətində əhəmiyyətli yer tutub. Ulu öndərin baxışları prizmasından yanaşsaq, müasirləşmə, modernləşmə Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarının müasir tələblər baxımından yeniləşməsi məfkurəsini və təcrübəsini özündə ehtiva edir. Modernləşmə hər şeydən əvvəl iqtisadiyyatın sürətli inkişafının etibarlı və əzəmətli resursu kimi qavranılır. Eyni zamanda, modernləşmə dedikdə, istehsalın müasir rəqabət tələblərinə uyğunlaşmasını təmin edən amillər nəzərdə tutulur. Digər tərəfdən, modernləşmə insan fəaliyyətinin bütün sferalarında elmin və yeni texnologiyaların tətbiqini özündə ehtiva edir. Həmçinin, modernləşmə ictimai kommunikasiyanın ən müasir yeni formalarının tətbiq edilməsi kimi başa düşülür. Nəhayət, modernləşmə təbii ki, insanın yeni həyat keyfiyyətinin təmin edilməsi amillərinin məcmusudur", - deyə Əli Əhmədov vurğulayıb.

Azərbaycanın müasirləşmə strategiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldığını, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyən YAP sədrinin müavini bildirib ki, bu strategiya dövlətimizin daha da güclənməsinə, insanların yüksək rifahına xidmət edir.

Əli Əhmədov əmin olduğunu deyib ki, bu konfransın keçirilməsi, tədbirdə səslənən dəyərli ideyalar qarşıdakı dövrlərdə ictimai fikrimizdə Azərbaycan cəmiyyətinin müasirləşməsi məsələlərini ciddi araşdırmalar və tədqiqatlar obyektinə çevirəcək.


Qeyd edək ki, konfransın plenar iclasında Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda məruzəsi dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə