Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının təqdimat mərasimi keçirilir - FOTO

Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının təqdimat mərasimi keçirilir - FOTO

Bu gün Bakıda təhsil naziri Misir Mərdanovun "Azərbaycan təhsil tarixi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycanın təhsili bu gün yeni inkişaf mərhələsinə çatıb. Azərbaycanda çoxtəhsilli, müasir dünyanın fəal üzvünə çevriləcək gənclərin formalaşdığını deyən Əli Əhmədov bildirib ki, burada Azərbaycan məktəblərinin böyük rolu var: "Məhz bu zəmində Azərbaycan təhsilinin öyrənilməsinə, tarixinin araşdırılmasına ehtiyac var. Çünki tarixin əhəmiyyətli hissəsi olan təhsil tarixinin araşdırılması sahəsində müəyyən boşluqlar var. Azərbaycanda ən az tədqiq olunan sahə təhsil sahəsidir. Bu sahədə ciddi araşdırmaların aparılmasına ehtiyac var". M.Mərdanovun müəllifliyi ilə hazırlanan kitaba yüksək qiymət verən Ə.Əhmədov bildirib ki, bu vəsaitlər sadəcə bir tədqiqatçının araşdırmaları deyil, bu ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi qiymətdir".


Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müəlliflik etdiyi kitab 3 cildlikdir və kitabların hazırlanmasına Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə başlanılıb: "Mən 10 il ərzində bu kitabların üzərində işləmişəm. Prezidentin razılığı və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həmin kitabların təqdimatına toplaşmışıq. Kitabın 3 cildi hazırdır, 4-cü cildi isə artıq mətbəədə yığılır. Kitabın 1-ci cildində 1920-ci ilədək Azərbaycanın təhsil tarixi ilə bağlı məlumatlar əks olunub. Kitabın II cildi sovet dövründəki təhsil tarixi ilə bağlıdır. Kitabın III cildində isə Azərbaycanın müstəqillik illərində ölkəmizin təhsil tarixi, keçdiyi yollar, görülən işlər barədə geniş məlumatlar verilib. Təəssüf ki, I cild digərlərindən az səhifəli və az məlumatlıdır. Çünki arxivdə o qədər də ciddi məlumatlar tapa bilmədik. Əgər gələcəkdə bizim və digər digər naşirlərin, yaxud müəlliflərin imkanı olarsa, daha geniş tədqiqat apara bilərlər".


O bildirib ki, kitablar Azərbaycanın bütün kitabxanalarına, o cümlədən ali və orta məktəblərin kitabxanalarına göndərilib və bu iş davam etdirilir.


Qeyd edək ki, tədbirdə Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və digər çıxış edənlər Azərbaycanın təhsil tarixi haqqında fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə