Vüqar Rəhimzadə: “Bu gün Azərbaycanda mətbuat, söz azadlığı tam bərqərar olub” - MÜNASİBƏT

"Bu gün Azərbaycanda mətbuat, söz azadlığı tam bərqərar olub və hesab edirəm ki, bütün kütləvi informasiya vasitələri tam sərbəst və müstəqil şəkildə öz inkişaf dövrünü yaşayır". Bu sözləri SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurasının İdrarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycanda bununla bağlı qanunvericilik bazası və dövlətin yürütdüyü çox uğurlu siyasət mövcuddur: "Hesab edirəm ki, bu uğurlu siyasətin nəticəsi olaraq son illər Azərbaycanda mətbuatının inkişafı nöqteyi-nəzərindən böyük işlər görülüb. Xüsusilə, 2008-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə Kütləvi İnormasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi konsepsiyası təsdiq olunub. 2009-cu ilin aprel ayının 3-də isə dövlət başçısının növbəti sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və 2009-cu il may ayının 22-də bu Fond rəsmi olaraq fəaliyyətə başlayıb. Müşahidə Şurasının üzvləri təyin olunub. Həmçinin Prezidentimiz tərəfindən Fondun icraçı direktoru təyin edilib. Düşünürəm ki, KİVDF-nin yaradılması mətbuatın iqtisadi durumunun yaxşılaşması, jurnalistlərin sosial problemlərinin həlli baxımından çox uğurlu layihədir. Eyni zamanda qeyd edilməlidir ki, Fondun keçirdiyi fərdi yazı müsabiqələrinin, layihələrin reallaşdırılması və onun Fond tərəfindən qiymətləndirilməsi dövlətimizin bu sahəyə qayğısı və diqqəti kimi qəbul edilməlidir.

V.Rəhimzadə milli mətbuatımızın yarammasının 135 illiyində xüsusi sərəncamın imzalandığına diqqəti çəkərək bildirib ki, sənədə əsasən milli mətbuatımızın yaranması ilə bağlı respublikamızın bir çox rayonlarında da müsabiqələr elan olunub: \"Cənab prezidentimiz ölkənin aparıcı mətbuat nümayəndələrini, jurnlistləri müxtəlif nominasiyalarla mükafatlandırdı. Xüsusilə, qeyd etmək istərdim ki, dünyada analoqu olmayan bir hadisə də baş verdi. Prezident İlham Əliyevin sərancamı ilə jurnalistlərin mənzil-məişət probleminin həlli yönümündə çox mühüm bir sərəncam imzalandı. Belə ki, Fonda beş milyon manat məbləğində vəsaitin ayrılması və həmin vəsaitlə yeni mənzillərin tikilib jurnalistlərə təmannasız paylanması praktikası hələlik heç bir ölkədə baş verməyən nadir hadisədir".

\"İki Sahil\" qəzetinin baş redaktoru vurğulayıb ki, hazırda Azərbaycanda Ədliyyə Nazirliyində 4500-dən artıq elektron, yazılı media qeydiyyatdan keçib. 650-dən artıq gündəlik, həftəlik, aylıq qəzet və jurnal nəşr olunur: "Bilavasitə vurğulamaq istərdim ki, bu, dövlətin mətbuata yaratdığı münbit şəraitin bariz nümunəsidir. Bu gün mətbuat üzərində dövlətin nəzarət mexanizmi yoxdur. Dövlət daha çox mətbuatın müstəqil fəaliyyət göstərməsinə, ölkə mətbuatının inkişaf etməsi üçün uğurlu addımların atılmasına şərait yaradır. Bir daha qeyd etmək istərdim ki, mətbuatın səmərəli və müstəqil inkişafından ötrü Fond yaradılıb, vəsait ayrılıb. Fond yarandığı vaxtdan bu günə qədər daim inkişafdadır, ayrılan vəsaitlərin həcmi hər il artırılır ki, bu da bilavasitə müstəqil mətbuatın formalaşmasını təmin etmək üçündür. Bu gün hər bir mətbuat işçisi dövlətimizin qayğısını öz üzərində hiss edir və mətbuatımızın bundan sonra da tərəqqi edəcəyinə böyük ümidlər bəsləyir".

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə