Mübariz Qurbanlı: “Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nın da müvafiq addımlar atması zərurəti var” - MÜNASİBƏT

\"Bu gündən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkə tarixində çox böyük hadisədir\". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq həyata keçiriləcək sədrlik müddətində diplomatiyamız bir daha Azərbaycanın ədalətli və beynəlxalq hüquq normalarını müdafiə etdiyini nümayiş etdirəcək: "Bütövükdə Azərbaycanın ən mötəbər təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi və bu gündən Təhlükəsizlik Şurasına sədrlik etməsi rəsmi Bakının yürütdüyü siyasətə dünya tərəfindən verilən qiymətin göstəricidir. Həmçinin bu fakt Azərbaycanın dünya siyasətində, beynəlxalq arenada mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini bir daha sübut edir. Hər bir dövlətin xarici siyasətinin müvəffəqiyyəti və beynəlxalq nüfuzu ölkənin qazanılmış imicindən, onu təmsil edən rəhbərin beynəlxalq aləmdə təsdiq olunmuş nüfuzundan daha çox asılıdır. Bu baxımdan Azərbaycan özünün ideoloji-mədəni resurslarına görə dünya birliyində nüfuzlu yerlərdən birini tutur".

O, qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründəki fəaliyyəti bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlara ATƏT-in Minsk qrupu himayədarlıq edir. Lakin bütün bunlara baxmayaraq BMT Təhlükəsizlik Şurasının da müvafiq addımlar atması zərurəti var".

Bütün xəbərlər Facebook səhifəmizdə