Tahir Kərimli: “Müxalifət liderləri xalq dəstəyindən məhrum olmuş şəxslərdir” - MÜSAHİBƏ (SəsTv)

Tahir Kərimli: “Müxalifət liderləri xalq dəstəyindən məhrum olmuş şəxslərdir” - MÜSAHİBƏ (SəsTv)

Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin pozulması üçün çalışan xaricilərlə yanaşı, onlara öz içimizdən dəstək verənlər, hətta bu işdə yaxından köməklik göstərənlər də var. Heç kəsə sirr deyil ki, söhbət radikal müxalifət nümayəndələrindən gedir. Dünya praktikasında müxalifəti güclü olan dövlətin daima inkişaf etdiyi reallığı mövcuddur. Lakin müxalifət nümayəndələrinin niyyəti ölkənin inkişafı deyil, ləkələnməsi, məhvi olduqda vəziyyət bir qədər dəyişir.

Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik göz önündədir. Bu gün ölkəmizdə inkişafa yönəlmiş bütün addımlar xalqın gözü önündə atılır. Ona görə də, qəlbində vətənpərvərlik hissləri daşıyan hər bir kəs ölkəsinə və onun milli-mənəvi dəyərlərinə xidmət edən çağırışlarda iştirak etməlidir. Sapı özümüzdən olan baltaların ölkəmizdə yaratmaq istədikləri vəziyyət və bunun əsas məqsədləri ilə bağlı Səs TV-nin "Gündəm" rubrikasının qonağı Tahir Kərimli danışıb.


- Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışan bəzi qüvvələr var. Bu qüvvələrə maddi və ya mənəvi cəhətdən xarici təşkilatların dəstək verdiyini hansı faktlarla sübut etmək olar?

- Dünyada sabitliyi öz ölkəsində ikinci plana çəkmək istəyən dövlətlər yox dərəcəsindədir. Azərbaycan isə ölkəsindəki sabitliyə diqqət edən dövlətlər arasında xüsusi seçilənlərdəndir. Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik kimlərinsə çirkin əməlləri və yaxud əl atdıqları ucuz yollarla pozulası deyil. Çünki bu gün xalq ölkə prezidentinin yeritdiyi siyasətin mahiyyətini dərk edə biləcək iqtidardadır. Bu gün xalq arasında güclü vətəndaş birliyi mövcuddur. Ona görə də Azərbaycanda bu cür niyyətləri həyata keçirmək istəyənlər heç bir nəticə əldə etməyəcəklərini bilməlidirlər. Qərbin yeritdiyi siyasət isə hamıya məlumdur. Belə ki, Qərbin müsəlman dünyasında qarışıqlıq salmaq, guya demokratiya yaratmaq cəhdlərinin nəticələrini hamımız gördük. Müdaxilə etdikləri dövlətləri cəhənnəmə, xarabalığa çevirməkdən başqa heç nəyə nail olmadılar. Həmin dövlətlərin liderlərini öldürüb, ölkəsini xarabalığa çevirərək ictimai-siyasi sabitliyini də pozdular. Beləliklə, hazırda həmin dövlətlərin milli sərvətlərini talan etmək üçün tam fürsət yaranıb. Azərbaycanda da sabitliyin pozulması cəhdinin arxasında məhz bu niyyət dururdu. Yəni bəzi qüvvələr \"ərəb baharı\"nın Azərbaycanda da yaşanmasına nail olmaq istədilər. Lakin Azərbaycan xalqı olduqca güclü və iradəlidir. Xalq ölkədə olan ən xırda problemin belə həlli üsulunu dövlətimizdən gözləyir və ölkə başçısının siyasətinə ümid edir. Azərbaycan xalqı qazandığımız müstəqilliyin qədrini bilir və bunu heç nəyə görə qurban verəcək qədər iradəsiz deyil. Azərbaycanda narazılığın yaranması üçün heç bir əsas yoxdur. Bu cür boş fantaziyalarla yaşamaq sadəcə müxalifətin özünə zərərdir. Onlar ölkədə aparılan uğurlu siyasi görmürlər və mənfi niyyətlərinə qulluq edirlər. Bu da təbii ki, Azərbaycanın uğur qazanmasını istəməyən bir sıra xarici dövlətləri sevindirir. Onlar müxalifət nümayəndələrinə süni nəfəs verərək, onları maddi cəhətdən təmin edərək istəklərini reallaşdırmağa çalışırlar. Çox təəssüf ki, süni nəfəslə aldatmağa gərək olmur. Çünki müxalifət nümayəndələrinin də məqsədləri fərqli deyil. Yəni, müxalifət nümayəndələri ilə Azərbaycanda sabitliyi pozmağa çalışan xarici qüvvələrin niyyətlərinin kəsişməsi utancvericidir. Bu gün Azərbaycanda gedən quruculuq-abadlıq işləri, ölkəmizin daha da sürətlə inkişaf etməsi üçün görülən bütün tədbirlər xalqın gözləri qarşısında baş verir. Ona görə də belə cəhdlər əsla nəticə verə bilməz.


- Almaniyanın bəzi dairələri Azərbaycanın radikal müxalifət nümayəndələri ilə qapalı görüşlər keçirirlər. Sizcə müxalifət nümayəndələri ilə belə qüvvələrin fikirlərinin kəsişməsinə səbəb nədir?

- Hamımız bilirik ki, dünyanı idarə etmək istəyən qüvvələr üçün Almaniya böyük rol oynayır. Yaşıllar hərəkatı vasitəsilə əslində Azərbaycandakı aktivliyi yoxlamağa çalışırlar. Yəni bir növ dövlət əleyhinə olan qüvvələrin üzə çıxarılmasına çalışırlar. Bununla yanaşı, Almaniyada böyük türk diasporu fəaliyyət göstərir. Onların arasında gizlənmiş PKK terror təşkilatının nümayənələri də var. Bu insanlar türk dilini bildiklərindən Azərbaycan diasporu ilə ünsiyyət qurmaq onlar üçün asandır. Lakin bu çoxluq içərisində Azərbaycanı, hətta Türkiyəni sevməyənlər az deyil. Həmin qüvvələrlə ünsiyyət vasitəsilə Türkiyənin parlamentinə, mətbuat orqanlarına, televiziyalarına çıxış əldə edirlər. Yəni Almaniyanın fəallığı təsir nəticəsindədir. Digər tərəfdən Almaniya BMT TŞ-nın üzvü deyil, başqa dövlətlərdən siyasi cəhətdən çox geri qalıb. Buna görə də, Almaniya özünü var kimi göstərməyə can atır. Cənubi Qafqaz dövlətlərində kəşfiyyat xarakterli tədbirlər həyata keçirməklə sanki bir növ öz siyasətlərini gözə soxmaq istəyirlər. Lakin bu hamıya məlumdur ki, Almaniya siyasəti ilə deyil iqtisadiyyatı ilə tanınır.


- Tahir müəllim, ümumiyyətlə, müxalifət nümayəndələri yeritdikləri siyasətlə öz məqsədlərinə çatacaqlarını düşünürlər. Sizcə, onların özləri məğlubiyyətin alınlarına yazıldığını bilmirlərmi?

- Mən belə düşünürəm ki, müxalifət nümayəndələri bu məğlubiyyəti dərk edirlər. Onlar nə qədər müraciət etsələr də bunun xalq tərəfindən dəstəklənmədiyini görürlər. Məsələn, son mitinqdə hər iştirakçının özü ilə 5 nəfər gətirməsi ilə bağlı müraciət etmişdilər. Lakin göründüyü kimi, nə Azərbaycan xalqı, nə ziyalılar təbəqəsi heç kəs onların mitinqlərində iştirak etmir. Hətta əhalinin narazı təbəqələri belə kütləvi şəkildə gəlib o mitinqlərə qoşulmurlar. Çünki bayaq da dediyim kimi, xalq hər şeyi aydın görür və təhlil edir. Bu gün artıq müxalifətin mitinqlərində iştirak edənlər arasında öz istəyi ilə bura gələnlər yox dərəcəsindədir. Sadəcə yaşlılardan, qadınlardan istifadə etməklə də heç nəyə nail olmaq mümkün deyil. Müxalifət nümayəndələri iki niyyət güdürlər. Bir tərəfdən var olduqlarını gözə salmağa çalışır, digər tərəfdən də güclərini isbat etmək istəyirlər. Lakin belə bir güc mövcud olmadığından onun varlığını da isbat etmək mümkün deyil. Müxalifətçilərin ətrafında xalq kütləsinin olmadığını özləri də yaxşı bilirlər. Ona görə də, onlar getdikcə radikallaşır, söyüşlər söyür və əxlaqsız siyasətə üz tuturlar. Müxalifət liderləri artıq tükəniblər. Bütün hadisələr də bunu hər gün biraz daha sübut edir. Xalqından istifadə edərək yüksəlməyə çalışan siyasətçidən nə gözləmək olar ki? Heç nə, onlar sadəcə, məhv olmuş şəxslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə