“Azərbaycanlıların soyqırımı və Qarabağ həqiqətləri” adlı elmi simpozium keçirilib - FOTO

“Azərbaycanlıların soyqırımı və Qarabağ həqiqətləri” adlı elmi simpozium keçirilib - FOTO

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avrasiya Strateji Araşdırmalar Mərkəzi və İstanbul Aydın universiteti ilə birgə Türkiyənin İstanbul şəhərində "Azərbaycanlıların soyqırımı və Qarabağ həqiqətləri" adlı elmi simpozium keçirilib. SİA-nın məlumatına görə, konfrans İstanbul Aydın Universitetinin konfrans zalında keçirilib. Simpozium İstanbul Aydın Universitetinin rektoru Prof. Dr. Yadigar İzmirlinin açılış nitqi ilə başladı. Sonra Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov tədbir iştirakçılarına simpozium haqqında ətraflı məlumat verib. Simpozium iştirakçılarına azərbaycanlıların soyqırımı haqqında qısametrajlı film nümayiş etdirilib. Tədbirin aparıcısı Prof Dr. Firuz Yaşamış daha sonra simpoziumda çıxış edəcək qonaqları kürsüyə dəvət edib.

Simpoziumda ilk çıxışı millət vəkili, professor Musa Qasımlı edib. Onun çıxışı, ermənilərin soyqırım iddiaları və Azərbaycan türklərinin məruz qaldığı soyqırımlar haqqında olub. İkinci çıxış isə keçmiş dövlət naziri Əbdülxalid Çay tərəfindən olub. O, Osmanlı dövlətinin ərazisində yaşayan ermənilərin ruslarla gizli görüşmələrində onlara müstəqil dövlət yaratmaq müqabilində Qarsda,Vanda və digər ermənilərin kompakt yaşadığı ərazilərdə türklərə qarşı törətdikləri soyqırımlar haqqında olub. Natiq həmçinin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı və sonrada onların bu torpaqlardan sürgünü haqqında tarixi faktlarla məlumat verib. Əbdülxalid bəyin çıxışından sonra kürsüyə Türkiyənin bir neçə ölkədə səfiri işləyən Candan Azər bəy dəvət edilib. Keçmiş səfir Ermənistanın müstəqilliyi qarşısında Türkiyənin mövqeyi və baş verən siyasi hadisələr haqqında ətraflı məlumat verib. Candan Azərin çıxışından sonra kürsüyə BDU-nun müəllimi tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov dəvət edilib. Vasif Qafarov "Dağlıq Qarabağ keçmişdən günümüzə: tarixi faktlar və reallıqlar" haqqında simpozium iştirakçılarına ətraflı məlumat verib. Daha sonra kürsüyə "Bizim Nəsil" ictimai birliyinin sədri Nurəddin Mehdiyev dəvət edilib. Nurəddin Mehdiyev "Azərbaycanlıların və türklərin birgə diaspora fəaliyyəti" ilə bağlı çıxış edib. Prof. Firuz Yaşamış natiqlərin hər birinə təşəkkür edərək, tələbələrlə belə görüşlərin olduqca zəruri və faydalı olduğunu vurğulayıb. Simpoziumun sonunda rektor Yadigar İzmirli simpozium iştirakçılarına belə məlumatları çatdırdıqlarına görə, natiqlərə və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanova təşəkkür edib. Eldəniz Salmanov da belə bir tədbirin keçirilməsi üçün geniş şərait yaratdığına görə Universitet Rəhbərliyinə və texniki dəstəyə görə Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tecimə dərin minnətdarlığını bildirib. Tədbir iştirakçılarına Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə türk dilinə tərcümə edilən Qarabağ suallar və faktlar kitabı və QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan ermənilərin törətdikləri soyqırımlar haqqında bukletlər paylanılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə