Azərbaycan "Metsamor"da aparılan yoxlamaların hesabatını istəyir

Azərbaycan "Metsamor"da aparılan yoxlamaların hesabatını istəyir

"Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-də il ərzində dəfələrlə yoxlamalar aparılsa da, həmin yoxlamaların nəticələri barədə hesabatlar Azərbaycana təqdim olunmur". SİA-nın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov jurnalistlərə bildirib. Onun sözlərinə görə, hesabatların Azərbaycana təqdim olunması üçün çoxsaylı müraciətlər edilib. Amma hesabatlar təqdim olunmadığından orada AES-in fəaliyyəti ilə bağlı nələrin yazıldığı Azərbaycana bəlli deyil.


Kərimov deyib ki, Azərbaycan bütün mötəbər tribunalardan "Metsamor" AES-in region üçün təhlükə olduğunu elan edib. Onun sözlərinə görə, bu stansiya tamamilə köhnəlib və bugünkü standartlara cavab vermir: "Bununla bağlı Avropa İttifaqının da qərarları var. Avropa Komissiyası da bu AES-in fəaliyyətinin dayandırılmasını tələb edir. Lakin hələlik Ermənistan bu qərarlara elə də əhəmiyyət vermir".


Mahmud Kərimovun sözlərinə görə, bütün bunların əksinə olaraq, Ermənistan AES-in fəaliyyətini daha da modernləşdirir, hətta yeni blok tikdirir.


Qeyd edək ki, Ermənistan rəhbərliyi "Metsamor" AES-in istifadə müddətinin daha 4 il uzadıb. Hazırki lisenziya ilə "Metsamor" AES 2016-cı il sentyabr 1-nə qədər fəaliyyət göstərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə