Ramil Həsənov TÜRKKON baş katibi Halil Akıncı ilə görüşüb - FOTO

Ramil Həsənov TÜRKKON baş katibi Halil Akıncı ilə görüşüb - FOTO

TÜRKPA baş katibi cənab Ramil Həsənov TÜRKKON baş katibi səfir cənab Halil Akıncını qəbul edib. Qurumdan SİA-ya verilən məlumata görə, qonağı salamlayan baş katib TÜRKPA ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TÜRKKON) arasında münasibətlərin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğu vurğulanıb.

Eyni zamanda baş katib 14-16 iyun 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA-nın Assambleya Şurasının III iclası və III Plenar Sessiyasının keçirilməsi ilə bağlı məlumat verib. 2011-ci ildə TÜRKPA-nın dörd daimi komissiyasının yaradılması, ilk iclaslarının keçirilməsi, hesabat və tövsiyə qərarlarının III Plenar Sessiya zamanı Assambleyaya təqdim edilməsi üçün hazır olduğu bildirib.

Səmimi qəbula görə, təşəkkür edən cənab Halil Akıncı TÜRKPA-nın Türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsinə tövhə verdiyini ifadə edib və təşkilatlar arasında iqtisadi, ticarət, humanitar, mədəniyyət və təhsil sahələrində ortaq layihələrin mövcudluğunu vurğulayıb.

Qərara alınıb ki, bundan sonra TÜRKPA daimi komissiyalarının iclaslarında və TÜRKKON daimi komitələrinin toplantılarında qarşılıqlı olaraq hər iki təşkilatın nümayəndələri iştirak etsinlər.

Həmçinin eyni məqsədə xidmət edən TÜRKPA və TÜRKKON arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanması haqqında ilkin razılıq əldə edilib.

Görüşdə TÜRKKON Baş Katibinin müavini cənab Qismət Gözəlov və TÜRKPA Baş Katibinin müavini cənab Kürşad Melih Sarıarslan iştirak edib.

Qeyd edək ki, sonda cənab Halil Akıncı şərəf dəftərinə ürək sözlərini yazıb və xatirə şəkili çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə