NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü dəstəklənəcəkmi?
Bu gün Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbiri NATO-nun ölkəmizdə koordinatoru missiyasını həyata keçirən Rumıniya səfirliyi NATO-nun mənzil-qərargahı və Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) ilə birlikdə təşkil edib.
Tədbirdə çıxış edən Rumıniya səfiri Daniel Kristina Çobanu bildirib ki, NATO-nun Çikaqo sammiti alyans üzvləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəhbəri, general-mayor Ramiz Nəcəfov isə NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə münasibət bildiriləcəyinə ümid etdiyini bildirib. Çikaqo sammitindən böyük gözləntilərin olduğunu söyləyən nazirlik rəsmisinin sözlərinə görə, orada qəbul ediləcək qərarlar gələcək əməkdaşlığa təkan verəcək: "Azərbaycan ümid edir ki, NATO-nun Çikaqo sammitində qurumun dövlətlərin ərazi bütövlüyü ilə bağlı əvvəlki qərarlarına sadiq qalınaraq, yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ də əksini tapacaq".
Azərbaycan-NATO əlaqələrinin tarixinə toxunan Ramiz Nəcəfov qeyd edib ki, əməkdaşlığın əsas sahələri treninqlər və təlimlərin keçirilməsi, NATO standartlarına uyğunlaşmadır.
Konfransda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, NATO Beynəlxalq Katibliyinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB