Məhəmməd Əsədov: \"Bayrağımıza hörmətsizlik edən gənclərdən nə gözləmək olar?\" - MÜSAHİBƏ SəsTV

Məhəmməd Əsədov: \"Bayrağımıza hörmətsizlik edən gənclərdən nə gözləmək olar?\" - MÜSAHİBƏ SəsTV

Azərbaycanda gedən ictimai-siyasi proseslərdə YAP gəncləri yaxından iştirak edir. Eyni zamanda gənclər bu proseslərdən faydalanır, öz fikirlərfini bölüşür və müəyyən tədbirlər həyata keçirirlər. Lakin bu gün gəncliyimizdən nə qədər danışsaq da, çatışmazlıqlar da var və bunların qarşısını almaq üçün hər birimiz əlimizdən gələni etməliyik. Mövzu ilə bağlı suallarımızı Sabunçu rayon YAP gənclər birliyinin sədri Rəşad Abbasəliyev, birliyin sədr müavini Məhəmməd Əsədov cavablandırıb.


- Azərbaycan dövlətinin gənclər siyasətini necə xarakterizə edərdiniz? Gənclərə dövlət qayğısı hansı səviyyədədir?

Rəşad Abbasəliyev:

- Bu gün Azərbaycanda gedən ictimai-siyasi vəziyyət göz qabağındadır. Ölkəmizdə baş verən bütün hadisələri biz gənclər yaxından izləyir, fikirlərimizi bildiririk. Ölkədə gənclərin bilik, təhsil səviyyəsinin artırılması və bir sıra digər sahələrlə bağlı ciddi addımlar atılır. YAP gəncləri olaraq biz görülən tədbirlərdən razılığımızı hər dəfə dilə gətiririk. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin uğurla davam etdirilməsini dəstəkləyir və bunun üçün əlimizdən gələni edirik. İctimai-siyasi hadisələrdə bəzən hansısa problemlər yaşansa belə, bu Azərbaycan gəncliyinin məhvi demək deyil. Azərbaycanda gənclər üçün yaradılan şərait bu gün bir çox dünya ölkələrində yoxdur. Gənclərə göstərilən qayğı, onların fikirlərinə edilən hörmət bütün ictimai-siyasi proseslərdə özünü göstərir.

Məhəmməd Əsədov:

- Yeni Azərbaycan Partiyasının yarım milyondan artıq üzvü var, bunların 40 faizdən çoxu isə gənclərdir. Getdikcə sıralarımıza qoşulanların sayı artır. Bu da təbii ki, gənclərə göstərilən qayğının və hakim partiyanın sədri, dövlət başçısı İlham Əliyevin gənclərlə qurduğu düzgün əlaqənin nəticəsidir. Ölkə rəhbərinin gənclərlə bağlı 2011-2015-ci il proqramı da məhz gənclərə göstərilən qayğının nümunəsidir. Bu gün Azərbaycanda gənclər ictimai-siyasi proseslərdə iştirak edir, fikirlərini bildirir, ciddi mübarizələr aparırlar. Gənclərin sözləri artıq böyük əhəmiyyət daşıyır və bir fərd kimi hər birimizin mövqeyinə hörmətlə yanaşılır. Hazırda mən əminliklə deyə bilərəm ki, YAP gəncləri ictimai siyasi proseslərdə yaxından iştirak edir. Eyni zamanda ölkəmizin inkişafı ilə bağlı bir sıra tədbirlərin keçirilməsi də Azərbaycanda ictimai-siyasi proseslərin son dərəcə təqdirəlayiq getdiyindən xəbər verir.


- Bəzi gənclərin təsir altına düşərək sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etməsi müxalifətə nə qazandırır ki?

Rəşad Abbasəliyev:

- Bilirsiniz, yaxşı qeyd etdiniz ki, təsir altına düşmüş gənclər. Bu gün Azərbaycanın bütün uğurlarına mane olmaq məqsədi güdən müxalifət nümayəndələri birmənalı surətdə gənclərdən istifadə edir, onların yanlış yollara sövq edilməsi üçün müxtəlif tədbirlər həyata keçirirlər. Bu əslində Azərbaycan gəncliyinin heç 5 faizini təşkil etmir. Yəni müxalifət nümayəndələri bilməlidir ki, bu zəhərlə onlar yalnız özlərinə ziyan verəcəklər. Azərbaycan gəncləri nə o qədər zəif, nə də o qədər intellektsiz deyillər. Lakin hər halda az da olsa gənclərimiz arasında belə yolda olanlar var və bu xoş hal deyil. Azərbaycan hamımızın vətənidir. Dövlətimizin siyasətinə, ənənələrinə qarşı çıxmaq düzgün deyil. Düzdür, hər insanın Konstitusiyaya görə söz azadlığı var. Lakin bu o demək deyil ki, yalnış ideologiyaya istiqamətlənmək lazımdır. Bu cür yollardan gəncləri çəkindirmək üçün onlarla söhbətlər aparmağa ciddi ehtiyac var. Bu baxımdan da sosial şəbəkələr xüsusi önəm daşıyır. Yəni, biz sosial şəbəkələrdə debatlar və söhbətlər nəticəsində gənclərin düzgün istiqamətə cəlb edilməsinə nail olmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Belə gənclərə tövsiyə edərdim ki, hamımız bir millətin nümayəndəsiyik, Azərbaycana ziyan verən davranışlardan və ölkəmizi beynəlxalq aləmdə gözdən salmağa istiqamətlənmiş addımlardan uzaq olsunlar. Biz çox istərdik ki, həmin gənclər bizim sıralarımızda inkişafa və parlaq gəncliyə doğru irəliləsinlər. Lakin çox təəssüf ki, maddiyyat bu gənclərin gözlərini pərdələyib.


- Maddiyyat gözlərini örtüb deyirsiniz. Amma Azərbaycanda düzgün yolda olan gənclərə göstərilən qayğı da, edilən yardım da kifayət qədərdir. Bəlkə maddiyyatla yanaşı həmin gənclərin xislətində problem var?

Məhəmməd Əsədov:

- Bəli mən bu fikirlə tam razıyam. Əslində maddiyyat deyirik, amma yeri gələndə YAP gəncləri Azərbaycanda istənilən uğura iti addımlarla irəliləyirlər. Lakin müxalifət nümayəndələrinin çağırışlarına qoşulan gənclər son dərəcə mənasız şərtlər irəli sürürlər. Onlara xaricdən ayrılan pul vəsaiti hesabına bir vasitə kimi yanaşılır. Həmin gənclər inkişaf etmək əvəzinə istifadə olunurlar. Hamımıza məlumdur ki, bu gənclər və onlara idarəçilik rəhbərlik edən radikal müxalifət nümayəndələri ətrafına kimlərisə toplayaraq dəfələrlə mitinqlər keçiriblər. Lakin həmin sıralarda birləşənlərin heç biri hansısa uğura imza atmış şəxlər və ya gənclər olmayıb. Sonuncu dəfə keçirilən 8 aprel mitinqinə də toxunmaq istərdim. Əgər diqqət etdinizsə, burada müxtəlif bəhanələr səsləndirərək öz məğlubiyyətlərini pərdələməyə çalışdılar. Lakin xalq hər şeyi aydın görür. Hətta onların ətrafına satın alaraq topladığı gənclər belə həqiqətləri görürlər. Sadəcə, sizin də qeyd etdiyiniz kimi, pul gözlərini elə pərdələyib ki, onlar kimə və nəyə qulluq etdiklərinin fərqinə varmırlar. Bayrağımıza hörmətsizlik edən gənclərdən nə gözləmək olar?


- Gənclərə son sözünüz nədir?

Rəşad Abbasəliyev:

- Üzümü həmin gənclərə tutub qeyd etmək istəyirəm ki, istənilən informasiyaya, prosesə tələsik reaksiya verməsinlər, düşünülmüş addım atsınlar. Çünki bu cür çıxışlar edən gənclər əsasən emosiyalarına qurban olanlardır. Bəzən onlar bilmədən böyük səhvlər edirlər. Onlar da bizim vətəndaşlarımızdır, hamısı bizim vətənimizin övladlarıdır. Sadəcə, bəziləri güclü təsir dairəsinə düşüblər. Mən onlara çatdırmaq istəyirəm ki, tənqid inkişafdır. Tənqid xalqımızın, dövlətimizin inkişafıdır. Lakin tənqid təhqirə çevrildikdə, qarayaxma olduqda, bu sadəcə ümummilli bəla halına çevrilir və öz xalqımızı kimlərinsə gözündən salmağa şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə