Yeni Azərbaycan Partiyası
İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun \"Səs\" TV-yə
müsahibəsi:
-
Siyavuş müəllim, məlum olduğu kimi, aprelin 8-də radikal müxalifət partiyaları
paytaxtda mitinq keçirdi. Onların uzun müddətdir geniş təbliğat aparmasına
baxmayaraq müxalifətin bu aksiyası fiasko ilə nəticələndi. Müşahidələrimiz və
rəsmi dövlət orqanlarının açıqladıqları statistikaya görə, aksiyada 1200-1300
nəfərin iştirak etməsi bir daha radikal müxalifət partiyalarının sosial bazasının
olmadığını göstərdi. Buna baxmayaraq bu düşərgənin rəhbərləri, mitinqdə guya
kifayət qədər çox insanın iştirak etdiyini və aksiyanın "çox uğurlu" alındığını
iddia edirlər. Sizcə, həqiqətlə daban-dabana zidd olan bu iddialar nəyə xidmət
edir?
- Biz əvvəlcədən də bəyan
etmişdik ki, müxalifətin Azərbaycan xalqı arasında heç bir nüfuzu, sosial
bazası yoxdur. Onlar artıq belə demək mümkündürsə, Azərbaycanda siyasətlə
məşğul olmurlar, sadəcə olaraq bütün etdikləri qazanc məqsədilə atılan
addımlardır. Aprelin 8-də keçirilən aksiya mitinq yox, piket idi. Bu hadisə
bir daha sübut etdi ki, bizim dediyimiz sözlər haqlıdır. Bu piket xalqımızın
müxalifətə göstərdiyi etimadsızlığın bariz nümunəsidir. Mən əvvəldən axıra
qədər həmin piketi müşahidə etdim. Hətta müxalifət o meydanın üçdən birini
doldura bilməmişdi. Baxmayaraq ki, çox sayda bayraq gətirib balaca-balaca
uşaqların əlinə vermişdilər. Orada əksəriyyət muzdla tutulan insanlar idilər
ki, pulları verilmədiyi üçün onlar da həmin meydanı yarımçıq və əsəbi şəkildə
tərk etdilər. Biz baş verən bu hadisələrin hamısını müşahidə edirdik. Yəni
mitinqin sonuna qədər iştirakçıların az bir hissəsi qaldı ki, onlar da
müxalifət rəhbərlərinin qohum-əqrəbası, dost-tanışı, mətbuat orqanlarının
nümayəndələri və həmin partiyaların aparatında çalışan insanlar idilər. Bununla
bağlı çox sayda sübutlarım var. Piketdə çıxış edən insanları dinləyərkən
onların hələ də 1990-cı ilin təfəkküründə olduğu görünür. Yəni, cəmiyyət
dəyişir, həyat dəyişir, təfəkkür dəyişir, amma Azərbaycanın bu müxalifəti
dəyişmir, elə olduğu kimi qalıbdır.
Əlbəttə ki, xalqımız, ölkəmizin vətəndaşları Azərbaycan siyasətində indiki
müxalifətin xəyanətinin şahidi olub. Pənah Hüseyn belə bir ifadə işlədib ki,
YAP-ın nümayəndələri meydandakı adamların çoxluğunu görüb oranı tərk ediblər və
s. Birincisi, biz oranı tərk etməmişdik və axıra qədər qalıb vəziyyəti
izləmişik. Tərk etmək, qaçmaq müxalifətin xüsusiyyətidir və onların
ənənələrindən biridir. 1993-cü ildə bütün Azərbaycan xalqı gördü ki, başda
prezidentləri olmaqla Azərbaycan xalqının taleyüklü bir dövrü olmasına
baxmayaraq, Konstitusiyaya and içmələrinə baxmayaraq ölkəmizi ağır vəziyyətdə
qoyub qaçdılar. Pənah Hüseyn Azərbaycanın ləl-cəvahirat fonduna süpürgə çəkərək
qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə
tapıb gətirdik. İndi də demokratiyadan danışır. Əli Kərimli isə Kələkidə qaçıb
gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı. İsa
Qəmbər hansı dərədə gedib gizlənmişdi bəlli deyildi. Biz Azərbaycanda ictimai-siyasi
sabitlik, demokratik mühit yaradandan sonra ortaya çıxdılar. Yəni, qoyub qaçmaq
onların ənənəsidir və Azərbaycanın taleyüklü məsələləri zamanı həmişə qaçıblar.
Bütün bunlar Azərbaycan xalqına bəllidir. Pənah Hüseyn yalan danışır və yalan
danışanda heç olmasa üzünə bir ələk tutardı ki, camaat görməsin. Deyir,
mitinqdə 10 min adam vardı. Azərbaycan cəmiyyəti görmür ki, sən yalan
danışırsan? Təbii ki, bu yalanların hamısını xarici mühit üçün danışırlar, amma
Pənah Hüseyn görmədi ki, xaricilər xüsusi aparatla oranı çəkirdilər və həmin
aparat da sayı göstərir. Yeni informasiya texnologiyaları var ki, Pənah
Hüseynin dediyi sayı deyil, reallığı göstərir. Bir neçə xarici səfirliyin,
diplomatik korpusun nümayəndələri çəkiliş aparırdı. Müxalifət rəhbərlərinin isə
iştirakçıların sayını artırmaqda məqsədi var. Bu da ondan ibarətdir ki, bu sayı
artıq deməklə xaricdən aldıqları vəsaitin miqdarını artırmaq istəyirlər. Lakin
bu cəhdləri iflasa uğradı. Mən orada da dedim ki, bu "mitinqi" təşkil edənlərin
hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar. Yəni, bu səviyyə
ilə, bu cür şişirtmə ilə deyirlər ki, guya aksiyada 10 min adam vardı. Orada
heç min adam yox idi. İkinci tərəfdən, aksiyanın təhlükəsizliyi lazımi
səviyyədə təmin olunmuşdu. Biz hər zaman deyirik ki, mitinq keçirmək üçün
istənilən şərait yaradılıb və gedin razılaşdırılmış mitinqinizi keçirin.
Sadəcə, müxalifət rəhbərləri iflasa uğrayacaqlarını bildikləri üçün qanunsuz
mitinqlər keçirməyə çalışırdılar.
Onu da qeyd edim ki, mitinq iştirakçılarının sayı ilə bağlı müxalifətçilərin
özləri də ziddiyyətli fikirlər səsləndirirlər. İsa Qəmbər çıxışında təkrar
edirdi ki, gələn dəfə hər kəs özü ilə beş nəfər gətirsin. Bu, bazardan toyuq
almaqdır, qarpız almaqdırmı? İ.Qəmbər bir tərəfdən deyir ki, Müsavatın minlərlə
üzvləri var, digər tərəfdən yalvarır, ilan dili çıxarır ki, söz verirsinizmi
ki, gələn dəfə gələndə hərəniz beş nəfər də gətirəcəksiniz? Yəni burada söhbət
əsla əqidə, ideologiya məsələsindən gedə bilməz. Sadəcə, sayı çox göstərmək üçün
çalışırlar. Bu düşüncə tərzinə malik insanlar Azərbaycanı hansı inkişaf etmiş
cəmiyyətə apara bilərlər? Aksiyada o qədər küfr danışdılar ki, axırda göydən
onların başına torpaq yağmağa başladı. Nəticə də belə oldu ki, mitinqi yarımçıq
qoyaraq dağılışıb getdilər hərəsi bir tərəfə. Heç mitinqin qətnaməsini də axıra
qədər oxuya bilmədilər, çünki hamı dağılışmışdı.
Təbii ki, biz istərdik ki, Azərbaycanda normal bir müxalifət olsun. Əlbəttə, bu
gün parlamentdə təmsil olunan müxalifət var ki, konstruktiv mövqedən çıxış
edirlər, tənqidi fikirlərini deyirlər, amma görülən işləri də
qiymətləndirirlər. Sadəcə olaraq, müxalifətin bir hissəsi Azərbaycan
cəmiyyətində siyasəti peşə kimi yox, qazanc mənbəyi kimi seçib. Bu qazanc
mənbəyi ilə də onu-bunu aldadaraq hər mövsumdə bir az öz maddi vəziyyətlərini
düzəltməyə çalışırlar. Yəni İctimai Palata deyilən qurumda birləşən müxalifət
Azərbaycan xalqının maraqlarını müdafiə etmir, dövlətçiliyin möhkəmlənməsinə
xidmət göstərmir, müəyyən məsələlərin həlli ilə bağlı hansısa real təkliflərlə
çıxış etmirlər.
-
Azərbaycanın paytaxtı daha bir möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır.
Gələn ay Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcək və dövlətimiz bu
müsabiqəyə ən yüksək səviyyədə hazırlaşmaqdadır. Hətta bir sıra beynəlxalq
ekspertlər Bakının ev sahibliyinin bu müsabiqəyə yenilik bəxş edəcəyini,
avropalıların paytaxtımızda görülən işlərə heyran qalacağını söyləyirlər. Buna
baxmayaraq müxalifət və onlara dəstək verən bəzi maraqlı qüvvələr bu musiqi
yarışmasını siyasiləşdirməyə və yalan informasiyalarla təbliğat aparmağa cəhd
göstərirlər. Sizcə, bu aksiyalar həmin beynəlxalq tədbir ərəfəsində
Azərbaycanın imicinə xələl gətirmək məqsədinə xidmət etmirmi?
- Müxalifət ilk gündən
"Eurovision" mahnı müsabiqəsi vasitəsilə dövləti, cəmiyyəti şantaj etmək yolunu
tutub. Bu gün də həmin yol davam olunur. Onları da buna təhrik edən bir neçə
dövlət var. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda Avronest Parlament
Assambleyasının sessiyası keçirildi. Dünyanın, Avropanın bir sıra dövlətlərindən
nümayəndələr bu beynəlxalq tədbirdə iştirak etdi. Ölkəmiz bu tədbiri ən yüksək
səviyyədə təşkil etdi. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin
keçirilməsi ənənə halını alıb. Bunun özü ölkəmizin yüksək təşkilatçılığına,
Azərbaycanda bu işlərin həyata keçirilməsi üçün mühitin olmasına, söz və
mətbuat azadlığının mövcudluğuna, insan hüquqlarının qorunmasına dəlalət edir.
Bilirsiniz ki, "Eurovision" bir musiqi müsabiqəsidir. Bu tədbirdə insanlar,
xüsusilə gənclər gəlib mahnı oxuyurlar, öz qabiliyyətlərini göstərirlər və s.
Bu musiqi yarışmasını siyasiləşdirmək, buna siyasi rəng vermək, onu bu və ya
digər şəkildə cinayət törətmiş şəxslərlə bağlamaq düzgün deyil. Bu müsabiqə
bizdən əvvəl Almaniyada, Rusiyada, Norveçdə də keçirilib. Bunların hansında bu
tədbir siyasiləşdirilib və ya hansısa məqsədlərlə bağlı məsələlər qaldırılıb.
Sadəcə olaraq, "Eurovision"un təşkil olunması ilə əlaqədar öz tələbləri var və
Azərbaycan həmin tələbləri yüksək səviyyədə yerinə yetirir. İstər
təhlükəsizlik, istərsə də yerləşdirmə, təşkilatçılıq baxımından müvafiq işlər
görülür. Lazımi strukturların əməkdaşları üçün treninqlər keçirilir, yeni
otellər açılır və s. Müxalifət isə xaricdəki ağalarının təhriki ilə bu işin
üstünə azacıq da olsa kölgə salmaq istəyir. Burada Ermənistanın da, bizi
istəməyən ayrı-ayrı dövlətlərin də əli var. Bu yaxınlarda İran tərəfindən də
bir bəyanat verildi. Baxırsan ki, onların fikirləri müxalifətin fikirləri ilə
üst-üstə düşür və mənbənin harada olması artıq bəlli olur.
Bütün bu cəhdlərə baxmayaraq Azərbaycan güclü dövlət kimi bu beynəlxalq
tədbiri də ən yüksək səviyyədə keçirəcək. Mən inanmıram ki, "Eurovision" mahnı
müsabiqəsini gələcəkdə Azərbaycanın səviyyəsində keçirə bilən ölkə olsun.
-
Siyavuş müəllim, bu faktlar göstərir ki, bu gün ölkəmizdə siyasi sistemin,
partiyaların fəaliyyətinin təkmilləşdirilməsinə çox ciddi ehtiyac var. Bu
günlərdə Milli Məclisdə "Siyasi partiyalar haqqında" Qanuna əlavə və
dəyişikliklər müzakirəyə çıxarıldı. Bu dəyişiklərin qəbul olunması siyasi
sistemin təkmilləşdirilməsində hansı rolu oynayacaq?
- Ümumiyyətlə, Azərbaycanda
siyasi sistemin təkmilləşdirilməsi məsələsi zəruridir. Bu ondan irəli gəlir ki,
ölkəmizdə "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. O vaxt
bir sıra partiyalar yarandı ki, onların fəaliyyət istiqaməti, yönümü,
qarşılarına qoyduqları proqram aydın deyildi. Ona görə də, bu məsələnin
təkmilləşməsinə ehtiyac var idi. Dəfələrlə Milli Məclisdə bununla bağlı məsələ
müzakirə olunub ki, ya bu qanuna əlavə və dəyişikliklər edilməli, ya da
ümumiyyətlə, qanun yenidən qəbul olunmalıdır. Artıq "Siyasi partiyalar
haqqında" qanuna dəyişikliklər barədə layihə parlamentin müvafiq komitəsində
müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Hesab edirəm
ki, bu layihənin qəbulundan sonra təkmilləşdirmə işləri aparılmalıdır. Biz
şahidi olmuşuq ki, Azərbaycanda siyasi partiya alver mənbəyinə çevrilib,
partiya parçalandıqdan sonra onun mülkiyyəti üzərində böyük davalar gedibdir və
s. Bütün bunlara rəğmən "Siyasi partiyalar haqqında" təkmil bir qanuna böyük
ehtiyac var idi və artıq belə bir sənəd hazırdır. YAP bu qanunla bağlı kifayət
qədər təkliflərlə çıxış edib və Milli Məclisdə müzakirələr zamanı
təkliflərimizi bir daha səsləndirəcəyik.
-
Sizin təklif olunan dəyişikliklərə münasibətiniz necədir?
- Ümumiyyətlə, bu qanuna
təklif edilən dəyişikliklər çoxdur. Biz bu təklifləri bir neçə bloka bölsək,
birinci məsələ siyasi partiyaların hüquqi təsnifatıdır. Bununla əlaqədar kifayət
qədər təkliflərimiz var. İlk növbədə, siyasi partiyanın yaranması ilə əlaqədar
təkliflər vermişik. Doğrudur, mövcud qanunda partiya yaratmaq üçün 1000 imza
tələb olunur. Amma nəzərə almaq lazımdır ki, bu qanun 20 il bundan əvvəl qəbul
olunub və ötən dövrdə Azərbaycanın əhalisi, seçicilərin sayı artıbdır. Əgər 20
il öncə əhalinin sayı 7 milyon idisə, indi bu göstərici 9 milyon nəfəri ötüb.
Bununla bağlı olaraq biz qanunda partiya yaratmaq üçün seçicilərin 0,1 faizinin
imzasının tələb olunmasını təklif edirik. Bu da çox cüzi göstəricidir. Əgər
partiya ayrı-ayrı seçkili orqanlara namizəd irəli sürürsə, məsələn,
prezidentliyə, parlamentə, bələdiyyələrə namizəd təqdim edirsə və 0,1 faiz
seçici etimadı qazana bilmirsə, onun adı necə siyasi partiya ola bilər? İkinci
tərəfdən, indiki vəziyyət davam etsə, məhəlli partiyalar yarana bilər. Yəni
istənilən şəhərdə və ya kənddə min nəfər seçici imzası toplayaraq Ədliyyə
Nazirliyindən qeydiyyatdan keçib siyasi partiya yaratmaq mümkündür. Amma o
faktiki respublika əhəmiyyətli partiya olmur, sadəcə, bu statusda çıxış etmək
hüququna malikdir. Biz hesab edirik ki, ya 50+1, ya da seçki dairələrinin 2/3
hissəsində bu imzalar müvafiq sayda toplanmalıdır. Digər tələblər
nizamnamələrlə bağlıdır ki, bəzi partiyalar nizamnamə qaydalarını pozurlar.
Belə ki, bəzi partiyalar vaxtında qurultay keçirmir, yaxud gizli şəkildə
qurultay çağırıb özünü sədr elan edənlər olur və s. Yəni, Azərbaycanda siyasi
sistemin təkmilləşdirilməsi, onun düzgün hüquqi bazasının olması üçün bu
dəyişikliklər edilməlidir.
Digər məsələ siyasi partiyaların seçkili orqanlarda iştirakıdır ki, bu da Seçki
Məcəlləsi ilə tənzimlənir. Ona görə də, "Siyasi partiyalar haqqında" qanun
Seçki Məcəlləsinin tələblərinə uyğunlaşdırılmalıdır.
-
Ən çox müzakirə olunan məsələlərdən biri partiyaların maliyyələşdirilməsi ilə
bağlıdır. Sizcə, maliyyələşmənin məhz təklif olunan variantlar üzrə aparılması
ölkəmizin siyasi palitrasında partiyaların roluna və fəaliyyətinə
uyğundurmu?
- Siyasi partiyaların
dövlət büdcəsindən maliyyələşdirilməsi ən vacib və cəmiyyətdə ən çox müzakirə
olunan məsələdir. Bilirsiniz ki, belə təcrübə ölkəmizdə mövcuddur. Belə ki,
dövlətin maliyyə dəstəyi ilə QHT-lərin layihələri həyata keçirilir, eləcə də
mətbuat orqanlarına dəstək göstərilir və s. Bu gün artıq reallıq ondan
ibarətdir ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə zərurət
yaranıb. Ümumiyyətlə, bu maliyyələşmə üç qrupa bölünür: dövlət tərəfindən
birbaşa, dövlət tərəfindən dolayısı ilə və qarışıq tip maliyyələşmə. İndiyə
qədər siyasi partiyalar ölkəmizdə dolayısı ilə dövlət tərəfindən maliyyələşib.
Buna misal olaraq, seçki dövründə pulsuz efir vaxtının ayrılmasını, qəzetlərdə
pulsuz təbliğatın aparılmasını, təbliğat yerlərinin pulsuz verilməsini və s.
göstərmək olar. Dünyada bu prosesin bir çoxu müqavilə ilə tənzimlənir. Amma
göstərdiyim faktlar siyasi partiyaların dolayısı ilə dövlətdən maliyyələşməsi
deməkdir.
Dövlət büdcəsindən vəsaitin ayrılması isə partiyaların birbaşa
maliyyələşməsidir. Bu vəsaitin ayrılması da dünya praktikasında mövcud olan bir
neçə prinsip əsasında aparılır. Qanuna təklif olunan dəyişikliklərdə isə bu
prinsip müəyyən dərəcədə YAP-ın hüquqlarının pozulmasından keçir. Belə ki,
vəsaitin 10 faizinin parlament seçkilərində 3 faizlik baryeri keçən, amma
parlamentdə təmsil olunmayan partiyalara verilməsi nəzərdə tutulur. Əslində,
burada prinsip ondan ibarət olmalıdır ki, son seçkilərdə parlamentə
düşüb-düşməməsindən asılı olmayaraq seçicilərin 3 faiz səsini toplayan
partiyalara vəsaitin 10 faizi verilsin. İkinci hissə 40 faiz həcmində təklif
edilir ki, bu da vəsaitin parlamentdə təmsil olunan partiyalar arasında bərabər
şəkildə bölünməsini özündə ehtiva edir. Hesab edirəm ki, bu yanaşma da düzgün
deyil. Çünki bu gün parlamentdə YAP-ın 71 təmsilçisi var. Digər 11 partiya isə
ümumilikdə 13 nəfərlə təmsil olunur. Necə ədalətli ola bilər ki, ümumi
parlament üzvlərinin 56 faizini təşkil edən partiya ilə parlamentin heç 0,1
faizini təmsil etməyən partiya eyni məbləğdə vəsait alsın.
Üçüncüsü, 50 faizlik bölgü mandatların sayına görədir və bu, düzgündür.
Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşmə siyasi partiyaların formalaşmasına
və inkişafına böyük təkan verəcək. Digər tərəfdən, dövlət büdcəsindən
maliyyələşmə partiyaların xarici dövlətlərdən, xarici vətəndaşlardan, vətəndaşlığı
olmayan şəxslərdən, o cümlədən müəyyən terror təşkilatlarından, kəşfiyyat
orqanlarından alınacaq vəsaitlərin qarşısının alınması üçün də bir addımdır. O
partiyalar belə bir yeniliyə etiraz edirlər ki, onlar həmin dairələrdən
maliyyələşir. Artıq burada hesabatlılıq ortaya qoyulanda həmin mənbələr üzə
çıxa bilər. Baxmayaraq ki, 1992-ci ildə qəbul olunmuş "Siyasi partiyalar
haqqında" qanunda da göstərilir ki, ildə bir dəfədən az olmayaraq hər bir
siyasi partiya öz maliyyə durumu, gəlirləri və xərcləri barədə hesabat
verməlidir. İndiyə qədər YAP-dan başqa heç bir partiya öz gəlir mənbələri və
maddi təminatı haqqında məlumat vermir. Amma dövlət tərəfindən partiyalar
maliyyələşəndə hesabatların verilməsi məcburi xarakter daşıyacaq. Əgər burada
şəffaflıq olacaqsa, heç bir problem yaranmayacaq. O adamlar qorxur ki, həmin
vəsaiti şəffaf şəkildə xərcləməyəcək. Bizə bəllidir ki, son mitinqi keçirən
partiyalar da aldıqları vəsaiti öz üzvləri arasında bərabər bölüşdürmür, bir
qrup adamın şəxsi gəlir mənbələrinə çevirib və öz şəxsi təminatlarını onun
vasitəsilə reallaşdırırlar.
-
Bu təkliflər hazırlanarkən hökumət təmsilçiləri Venesiya Komissiyası ilə
məsləhətləşmələr apardılar. Komissiyanın bəzi təklifləri haqlı olaraq,
dəyişiklərdə əksini tapmayıb. Bəziləri isə bu məsələni bilərəkdən və ya
bilməyərəkdən, düzgün şərh etmir. İstərdik, bu məsələyə aydınlıq
gətirəsiniz...
- Bu təşkilatın bu
qanunvericiliklə əlaqədar cəmi iki təklifi var. Venesiya Komissiyası təklif
edir ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan insanlar Azərbaycanda
siyasi partiya yarada bilsin. Dünyanın heç bir yerində belə bir məsələ yoxdur.
Nə Almaniyada, nə Fransada, nə Böyük Britaniyada, nə İtaliyada, bir sözlə
dünyanın heç bir ölkəsində belə bir müddəa yoxdur və bu, kəskin şəkildə qadağan
edilir. O cümlədən də, bu tip şəxslərin partiyalara maliyyə yardımı göstərməsi
bütün dünyada qadağandır.
Burada yalnız İsrail istisna təşkil edir. Bu dövlət elan edib ki, bütün dünyada
yaşayan yəhudilər İsrail vətəndaşı hesab olunur. Bu baxımdan, həmin müddəalar
orada işləyir. Qalan heç bir ölkədə bu formada qanun yoxdur. Yaxşı olar ki,
Venesiya Komissiyası ilk növbədə özlərində bu praktikanı tətbiq etsinlər, sonra
Azərbaycana tövsiyə edə bilərlər.
İkinci təklif isə siyasi partiyaların maliyyələşməsi ilə əlaqədardır. Venesiya
Komissiyası təklif edir ki, bütün partiyalar maliyyələşdirilsin. Amma dünyada
belə bir praktika var ki, siyasi partiya yalnız seçkidə iştirakına görə
maliyyələşir. Əgər seçkidə iştirak etmirsə, demək o partiya yox, QHT-dir. Bir sözlə,
Venesiya Komissiyası tərəfindən irəli sürülən təkliflər nə hüquqi, nə siyasi,
nə də beynəlxalq əhəmiyyəti olmayan məsələlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
