ARDNŞ növbəti dəfə qanunsuz tikililərlə bağlı reyd keçirdi-YENİLƏNİB
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisinin Hüquq İdarəsi əməkdaşlarının iştirakı ilə şirkətin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrində və neft quyularının mühafizə zonasında aparılan qanunsuz tikililərlə bağlı Binəqədi rayonunun Sulutəpə ərazisinə (Sulutəpə bloku) baxış keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Hüquq İdarəsinin rəisi Eldar Orucov son illər ARDNŞ-nin beynəlxalq neft-qaz bazarlarına uğurlu çıxışının təmin olunmasını, ölkə daxilində və xaricində həyata keçirdiyi genişmiqyaslı layihələr nəticəsində müsbət işgüzar nüfuzunun formalaşmasını, şirkətin beynəlxalq standartlara uyğun bir qurum olaraq xarici audit və reytinq şirkətləri ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb. Bildirilib ki, şirkət yeni investisiya proqramlarının həyata keçirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatlarından kreditlər cəlb edir. Qeyd olunub ki, məhz bu səbəbdən təhlükəsiz fəaliyyət baxımından neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün istifadəyə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrində, həmçinin neft quyularının, boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların mühafizə zonasında tikinti işləri aparmış şəxslərə qarşı ARDNŞ tərəfindən müvafiq tədbirlər görülür. Görüş zamanı çoxdan tikilmiş və məskunlaşmış, hazırda içərisində yaşayış olan evlərin ARDNŞ tərəfindən sökülmədiyi bir daha vurğulanıb və bildirilib ki, görülən tədbirlər yeni tikililərin qarşısının alınması istiqamətində aparılır. Həmçinin tədbir çərçivəsində qanunvericiliyə əsasən neft-qaz sənayesinin təhlükə potensialının obyektlər kateqoriyasına aid olması, aparılan mübarizənin daha çox baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-nın məsuliyyət və risklərinin tənzimlənməsi ilə əlaqədar olması iştirakçıların diqqətinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB