Milli Məclisin sədri Oqtay Əsədov rusiyalı həmkarı ilə görüşdü - FOTO
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, spiker qonağı səmimi salamlayaraq bir müddət əvvəl Almatıda MDB Parlament Assambleyasının yubiley sessiyasında görüşlərini xatırladıb. Oqtay Əsədov belə bir inamı ifadə edib ki, bugünkü görüş parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsi sahəsində dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli olacaq.
Bildirilib
ki, bu il Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20
ili tamam olur. Bu dövrdə ölkələrimiz arasında möhkəm əməkdaşlıq ənənələri
formalaşıb.
Dövlət başçılarımızın qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan
danışıqlar əlaqələrimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb. Münasibətlərimizin hüququ bazasını
təşkil edən 160-dan çox dövlətlərarası sənəd imzalanıb.
Əlaqələrimizin həyatın bütün sahələrindəki dinamik inkişafı təqdirəlayiqdir.
Siyasi sahədə münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi əlaqələrə də
təsir göstərir. Belə ki, təkcə ötən il Azərbaycanla Rusiya arasında ticarət
dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarından çox olub. Azərbaycanda Rusiya kapitalının iştirakı
ilə 500-ə qədər müəssisə və təşkilat fəaliyyət göstərir. Ölkəmiz
Rusiyanın ayrı-ayrı subyektləri ilə də iqtisadi, elmi-texniki və mədəni
sahələrdə əməkdaşlıq edir.
Söhbətdə Milli Məclisin Sədri əməkdaşlığımızın daha da dərinləşməsində
parlamentlərin mühüm rol oynadığını söyləyib. Bildirilib ki, hər iki ölkənin parlamentində dostluq
qrupları fəaliyyət göstərir. Nümayəndə heyətlərimiz nüfuzlu beynəlxalq
qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında faydalı
fikir mübadiləsi aparırlar. Spiker Milli Məclislə Federal Məclis arasında
yaradılmış Müştərək parlamentlərarası komissiyanın fəaliyyətini qanun
yaradıcılığı sahəsində informasiya və təcrübə mübadiləsi baxımından
təqdirəlayiq hesab edbi. Bildirildi ki, siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, elm,
təhsil, humanitar sahələrdə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir.
Görüşdə Spiker regionda böyük narahatlıq doğuran Dağlıq Qarabağ problemindən
söz açaraq, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dəstəyi ilə
münaqişənin tezliklə öz məntiqi həllini tapacağına inamını ifadə edib. Bildirilib ki, Azərbaycanın mövqeyi məlumdur. Biz
problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.
Rusiya Prezidentinin təşəbbüsü ilə prezidentlərin on üçtərəfli görüşü keçirilib. Ümidvarıq ki, Rusiyanın yeni seçilmiş
prezidenti Vladimir Putin problemin tezliklə nizama salınması naminə öz
səylərini əsirgəməyəcək.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurasının Sədri xanım Valentina Matviyenko ölkəmizə səfərindən
məmnun qaldığını söyləyərək Milli Məclisin Sədrini Rusiyaya səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olunub. Görüşdə qonaq
dövlətlərarası münasibətlərdə parlamentlərin mühüm rol oynadığını xüsusi
vurğulayaraq, qanunverici orqanlar arasında əməkdaşlığın bundan sonra da davam
etdirilməsinin vacibliyini söyləyib. Bildirilib ki, parlamentlər həyatın digər sahələrində əlaqələrimizin daha da
dərinləşməsinə təsir göstərmək gücündədir.
Bu gün Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlər bizi sevindirir. Strateji tərəfdaş kimi Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə gələcəkdə də münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik. Ölkələrimiz arasında ilbəil artan ticarət dövriyyəsi və münasibətlərimizin hüquqi bazasının daha da təkmilləşdirilməsi əməkdaşlığımızın gələcəyinə nikbin baxmağa imkan verir. Deputatlarımız MDB PA və digər regional qurumlarda, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarda birlikdə səmərəli fəaliyyət göstərirlər.
Azərbaycanın gənclər siyasəti sahəsində uğurları bizim üçün də maraqlıdır. Biz Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə görülən işləri yüksək qiymətləndiririk. Gələcəkdə MDB PA çərçivəsində Gənclər Parlamentinin yaradılması istiqamətində məqsədyönlü addımlar atılmaqdadır. Biz bu ideyanın reallaşacağına inanırıq.
Qəbulda Dağlıq Qarabağ münaqişəsindən danışan xanım Valentina Matviyenko Rusiyanın ATƏT-in Mİnsk qrupunun həmsədrlərindən biri kimi problemin həllində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı, Müştərək parlamentlərarası komissiyanın fəaliyyəti, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, deputatlardan Elton Məmmədov, Mixail Zabelin, ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matviyenko və Milli Məclisin Sədri Oqtay Əsədov jurnalistləri maraqlandıran suallara ətraflı cavablar veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB