Gənclər sosial şəbəkələrdə aktivləşiblər

Gənclər sosial şəbəkələrdə aktivləşiblər

YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sosial şəbəkələrdə və ictimai siyasi həyatda fəaliyyətinin tanışlığı ilə bağlı təbdir keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, 11 rayon üzrə gənclər birliyinin sədrləri, və idarə heyətinin üzvləri iştirak edib. Tədbirin mahiyyəti haqda məlumat verən Məlahət İbrahimqızı bildirib ki, Bakı şəhər 11 rayon təşkilatının gənclər birliyinin fəaliyyətidaima inkişafdadır: "Bizim fəaliyyətimizin metodologiyasında inkişaf var. Dünyada gedən qlobal proseslər – iqlim dəyişkənliyi, fəlakətlər, eləcə də iqtisadi proseslər baş verir. Azərbaycan bir dövlət olaraq bu proseslərdən qorunmaq və ölkədə böhranın yaşanılmaması üçün əhəmiyyətli layihələr icra edir".

Məlahət İbrahimqızı qeyd edib ki, YAP-ın yarım milyondan artıq üzvünün 40 faizdən çoxu gənclərdir. Bu isə o deməkdir ki, partiyanın sıralarında on minlərlə gənc birləşib: "Bu, sadəcə statistika deyil, gənclərin dövlətimizin və partiyamızın həyata keçirdiyi siyasətə dəstəyinin ifadəsidir. YAP-ın sıralarında olmaq Azərbaycan gənclərinin ictimai-siyasi fəallığını artırmaq üçün böyük bir meydana çevrilib.

Bu gün sosial şəbəkələrdə dövlətimizə qarşı aparılan əks-təbliğata lazımı səviyyədə cavab verilməlidir. Belə bir şəraitdə yaşadığımız nəzərə alınaraq YAP Nəsimi rayon təşkilatının fəalları rayon sosial şəbəkələrini yaradıblar və bu şəbəkəni inkişaf etdirmək qərarındadırlar. Əsas məqsədimiz gəncləri doğru yola çəkib, onlarda düzgün fikir formalaşdırılmasına və istiqamətlənməsinə kömək etməkdir".

Daha sonra tədbirdə çıxış edən YAP Nəsimi rayon Dillər Universitetinin ilk ərazi partiya təşkilatının sədri Könül Yaqubova Nəsimi rayon təşkilatını sosial şəbəkədəki səhifəsini və rayon təşkilatını blokunu iştirakçılara təqdim edərək, burada maraqlı məqalələr yerləşdirildiyini bildirib. Belə ki, səhifənin bölmələrində təkcə YAP-ın fəaliyyəti ilə deyil, Azərbaycanın milli-mənəvi dəyərləri, milli mətbəximiz, gənclərin bədii yaradıcılığı, eyni zamanda elmi məqalələr də yer alıb. Bu şəbəkə vasitəsi ilə dünya Azərbaycan həqiqətləri, reallıqları ilə tanışlıq daha da asanlaşacaq.

Qeyd edək ki, tədbirdə şəbəkənin təqdimatı zamanı Amerikada təhsil alan Rəhman Rəsulzadə və Türkiyədə təhsil alan Emin Əliyevlə canlı bağlantı yaradılıb. Gənclər bu ölkələrdə Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlərin təşkilindən, fəaliyyətlərindən söz açaraq, dövlətin maraqları baxımından bir sıra layihələrdə təşəbbüskar və iştirakçı olduqlarını söyləyiblər.

Tədbirin sonunda sədr Məlahət İbrahimqızı Nəsimi rayonunda təhsil alan ilk ərazi partiya təşkilatlarının sədrləri olan tələbələrin rayon təşkilatı tərəfindən 50 manat təqaüd alacaqlarını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə