Bahar Muradova: “Ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar”

Bahar Muradova: “Ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar”

"Demokratiya, insan haqları, onların qorunması bütün dünya ölkələrində yekunlaşmış məsələ deyil. Bu bir prosesdir, sonu yoxdur. Nə qədər ki, cəmiyyət var, nə qədər ki inkişaf var, bu sahədə işlər görmək lazımdır". SİA-nın xəbərinə görə, bunu parlamentin vitse-spikeri Bahar Muradova \"Amnesty İnternational\"ın Azərbaycanla bağlı keçirdiyi kampaniyaya münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, bölgədə marağı olan bəzi xarici qüvvələr ölkəmizin qısa müddətə bütün sahələrdə əldə etdiyi uğurlardan qıcıqlanır: "Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsilə atılır. Belə təşkilatların qərəzli münasibətləri, hesabatları, çox gülünc doğurur. Onlar anlmalıdırlar ki, Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə həmin insanların öz torpağında yaşamaq hüququnun qorunması məsələsi yer almır. Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə, ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar".

Bahar Muradova deyir ki, ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tam hüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Millət vəkili bildirib ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas məqsədi insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə