Avronest Parlament Assambleyasının həmsədrləri birgə mətbuat konfransı keçirdi

Avronest Parlament Assambleyasının həmsədrləri birgə mətbuat konfransı keçirdi

Bu gün Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigenin (Avropa Parlamenti) və Boris Tarasyuk (Ukrayna) qurumun Bakıda keçirilən ikinci sessiyasının yekunlarına dair birgə mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, hər iki həmsədr sessiyanın yüksək səviyyədə təşkil olunduğunu deyib.

Həmsədr K.Vigenin bildirib ki, Azərbaycan bu sessiyanın keçirilməsi üçün bütün mümkün texniki yardım göstərib. O, sessiya çərçivəsində Azərbaycan tərəfinin həm texniki hazırlıq, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkürlərini çatdırıb: "Avronest Parlament Assambleyasının II sessiyası Avropa İttifaqının hüdudlarından kənarda keçirilən ilk sessiyası idi. Bu da Azərbaycanın Avropa İttifaqındakı xüsusi rolunun bariz nümunəsidir. Bakı sessiyası həm də əvvəlki sessiyadan qərar və hesabatların qəbul olunması ilə fərqləndi. İlk sessiyada müvəffəqiyyətsizlikdən hesabat və qərar qəbul oluna bilməyib. Amma Bakı sessiyasında 4 hesabat və 1 qətnamə qəbul olunub. Parlament iclası ilk dəfə olaraq bu qədər geniş tərkibdə həyata keçirilir. Bu da Avronest Parlament Assambleyasının Azərbaycana verdiyi önəmin nümunəsidir".

K.Vigenin bu gün Azərbaycanın beynəlxalq aləm və regiondakı rolunu artmaqda olduğunu deyib. O bildirib ki, Azərbaycan tərəfindən qəbul olunan qərarlar tam olaraq Avropa İttifaqının maraqlarına tam uyğundur. Həmsədr Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.

Avonest Parlament Assambleyasının Ukraynadan olan həmsədri Boris Tarasyuk da Azərbaycan tərəfinin gördüyü işləri, keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, ilk sessiya uğursuz olsa da hazırki sessiyada mühüm qərarlar qəbul olunub: "Bakı sessiyasında qəbul olunan qərarlar insan haqları, demokratiya və digər məsələləri özündə əks etdirən vacib sənədlərdir. Sessiya çərçivəsində prosedur qaydalaırna bəzi əlavə düzəlişlər edilib. Ümumilikdə, nəticələrə nəzər saldıqda Bakıda keçirilən Avronest Parlament Assambleyasının II sessiyasını uğurlu hesab etmək olar".

Bakının bugünki inkişafından danışan Boris Tarasyuk 7 il öncə Ukrayna xarici işlər naziri olaraq Azərbaycana gəldiyini deyib. O qeyd edib ki, o vaxtala bu gün arasında mühüm inkişaf, irəliləyişlər var: "Bu gün Azərbaycan mühüm inkişafla davam edir. Bu sahədə onun rolu artır, dünyada vacib, mühüm əhəmiyyətə malik olan ölkə kimi günü-gündən inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə