Baş Prokurorluq Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş partlayışla bağlı məlumat yayıb

Baş Prokurorluq Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş partlayışla bağlı məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş partlayışla bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumatda deyilir: \"Martın 30-da, saat 11:00 radələrində Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətdə baş vermiş partlayış nəticəsində müəssisənin çilingəri Pərviz Cabbarovun ölməsi, usta Cüma Süleymanovun isə xəsarət alması barədə şəhər Polis Şöbəsindən daxil olmuş məlumat əsasında şəhər prokuroru və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb eksperti və polis əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib.

Fakta görə həmin tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə texniki təhlükəsizlik, məhkəmə-tibb ekspertizaları təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, MMC-nin derevasiya qalareyasında aparılan təmir işləri zamanı içərisində bitum olan qab partlayıb, nəticədə Pərviz Cabbarov hadisə yerində ölüb, bədən xəsarəti alan Cüma Süleymanov isə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir\".

Bütün xəbərlər Facebook səhifəmizdə