ABŞ vizası 20 dollar bahalanır

ABŞ Dövlət Departamenti vizaların qiymətini yenidən artırmaq qərarına gəlib. Aprelin 13-dən Birləşmiş Ştatlara gəlmək arzusunda olan biznesmenlər, turistlər və tələbələr illik viza üçün 140 dollar əvəzinə 160 dollar ödəyəcəklər.

ABŞ son iki ildə konsulluq xərclərini ikinci dəfə artırıb. 2010-cu ilin iyununda ABŞ vizalarının qiyməti 131 dollardan 140 dollaradək artırılmışdı.

Dövlət Departamentinin mətbuat üçün məlumatında deyilir ki, Dövlət departamenti viza alınması üçün sənədlərin baxılması ilə əlaqədar artan xərcləri ödəməlidir. Bəzi səbəblər üzündən hazırkı qiymətlər viza hazırlanması üçün xərclərə kifayət etmir.

Vizaların qiymətinin artırılmasından əldə edilən vəsait xarici nümayəndəliklərin işinin səmərəliliyinin yüksəldilməsinə və əlavə heyətin işə götürülməsinə xərclənəcəkdir.

ABŞ-a müvəqqəti işləmək və staj keçmək üçün getmək istəyənlər, xüsusi qabiliyyətə malik və ABŞ-a dəvət almış şəxslər, idmançılar və artistlər, mədəni mübadilə çərçivəsində ölkəyə gələnlər, dini fəaliyyətlə məşğul olanlar 150 dollar əvəzinə 190 dollar ödəyəcəklər.

Eyni zamanda, Dövlət departamenti adaxlı vizasının qiymətini 350 dollardan 240 dollaradək azaltmışdır. İmmiqrasiya vizalarının əksər hissəsinin qiyməti də aşağı salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə