“Daily Times” “31 Mart -Azərbaycanlıların soyqırımı günü” adlı məqalə dərc edib
Pakistanın ingilis dilli qəzeti həmin günü azərbaycanlıların soyqırımı kimi qeyd edib
Pakistanın ən nüfuzlu ingilis dilli qəzetlərindən sayılan "Daily Times"-ın bu günkü buraxılışında "31 Mart -Azərbaycanlıların soyqırımı günü" adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə, Azərbaycan xalqının hər ilin 31 mart tarixində 20-ci əsrdə baş vermiş faciəli hadisələrini yad etdiyini və həmin günün azərbaycanlıların soyqırımı kimi qeyd olunduğu vurğulanıb. Qeyd olunub ki,əsrlər boyu böyük Ermənistan xülyası ilə yaşayan erməni şovinistləri öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitələrə əl atıb, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər ediblər.
Yazıda, Azərbaycan tarixinə ekskursiya edilərək, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra Rus İmperatorunun fərmanına əsasən İravandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü bildirilib.
Daha sonra, 1918-ci ildən başlayaraq təpədən dırnağa qədər silahlanmış erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insanı qəddarcasına öldürdükləri, həmin ərazilərdə yüzlərlə kəndləri yer üzündən sildikləri vurğulanıb. Oxucuların nəzərinə çatdırılıb ki, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana torpaq iddialarından əl çəkməyiblər.
"Daily Times"-ın məqaləsində, ikinci dünya müharibəsindən sonra Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana 509 min ermənilərin köçürüldüyü qeyd olunub. Bildirilib ki, həmin köçkünlərin yerləşdirilməsində çətinlik çəkdikləri bəhanəsi ilə Ermənistan rəhbərliyi, 1947-ci ildə on minlərlə Azərbaycanlının öz dədə-baba torpaqlarından respublikamızın Aran rayonlarına köçürülməsinə nail olub.
Məqalədə qeyd olunmuşdur ki, 80-ci illərin sonunda SSRİ–də başlayan islahatlardan sui-istifadə edən ermənilər sınaqdan keçmiş ssenarilərini yenidən işə salmış, Azərbaycana qarşı torpaq iddiaları qaldımışdırlar. Oxucuların nəzərinə çatdırılmışdır ki, ardıcıl mənəvi və fiziki təzyiqlər nəticəsində 250 mindən çox Azərbaycanlılar Ermənistandan didərgin salınmış və bununla da ermənilər ölkələrini monoetnik respublikaya çevirmək planına nail olmuşdurlar.
Daha sonra "Daily Times"-ın yazısında, Ermənistanın apardığı işğalçı siyasət nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğala məruz qaldığı, 30 mindən çox insanın həyatına son qoyulduğu, bir milyon insanın isə qaçqın həyatı yaşadığı qeyd olunmuşdur.
Məqalənin Dağlığ-Qarabağ konfliktinin ən faciəli səhifəsi olan Xocalı soyqırımından bəhs edilən hissəndə, mülki əhaliyə qarşı edilən barbarlıq, yüzlərlə uşaq, qadın və ahılların xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumatlar verilib.
Yazıda, 18 oktyabr 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın öz tarixinin faciəli səhifələrini nəzərdən keçirtmək və xalqına qarşı aparılmış soyqırımı siyasətinə müvafiq hüquqi qiymət vermək imkanı əldə etdiyi vurğulanıb. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 26 Mart,1998-ci il fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunub.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.dailytimes.com.pk/default.asp?page=2012�329story_29-3-2012_pg7_17
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB