Elxan Süleymanov: \"AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək\"

Elxan Süleymanov: \"AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək\"

"Azərbaycan AVRONEST Parlament Assambleyasının BAKI sessiyasına tam hazırdır". SİA-nın xəbərinə görə, bu barədə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, qurumun 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb.

Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq. Elxan Süleymanov bildirib ki, mart ayının 15-də Strasburqda AVRONEST PA-nın Büro iclası keçirilib. İclasda Bakı sessiyasının gündəliyi müzakirə edilərək təsdiq edilib. Gündəlikdə qurumun plenar sessiyası, daimi komitələrin və Belarus üzrə işçi qrupu iclaslarının, eləcə də büro iclasının keçirilməsi haqqında razılıq əldə edilib.

Millət vəkili vurğulayıb ki, Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcək. Siyasi məsələlər Komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji təhlükəsizliyi Komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov olacaq.

Elxan Süleymanov həmçinin bildirib ki, Azərbaycan tərəfi ikinci sessiyaya ev sahibliyi edəcək tərəf kimi sessiyanın gündəliyi ilə bağlı bir sıra təkliflər irəli sürüb. Bu təkliflər sırasında AVRONEST PA həmprezidentləri cənab Kristian Vigenin və cənab Boris Tarasyukun rəhbərliyi ilə qurumun Büro üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü və Prezident İlham Əliyevin Plenar sessiyada çıxış etməsi yer alıb. Bu təkliflər müzakirə edilərək qəbul edilib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bundan əlavə Komitə iclaslarında müzakirə ediləcək mövzu çərçivəsində ölkəmizin müvafiq nazirliklərinin yüksək səviyyəli məmurlarının çıxış etməsi təklifini verib. Xarici işlər naziri Elmar Məmmədyarovun Siyasi məsələlər Komitəsinin, Sənaye və energetika naziri Natiq Əliyevin Enerji təhlükəsizliyi Komitəsinin, İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın İqtisadi inteqrasiya Komitəsinin və Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin isə Sosial məsələlər Komitəsinin iclasında çıxış etmələri haqqında razılıq əldə edilib.

Elxan Süleymanov eyni zamanda, məlumat verib ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və ya vitse-prezidenti Elşad Nəsirovun və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun Enerji təhlükəsizliyi komitəsinin, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Siyasi məsələlər komitəsinin, təhsil naziri Misir Mərdanovun, idman və gənclər naziri Azad Rəhimovun isə Sosial məsələlər komitəsinin iclasına dəvət edilmələri barədə Azərbaycan tərəfinin təklifi müsbət qarşılanaraq qəbul edilib.

Millət vəkili qeyd edib ki, AVRONEST PA iki komponentdən ibarətdir. Bu komponentlərin biri Avropa Parlamentinin 60 nəfər deputatından və digəri isə Şərq Tərəfdaşları ölkələrinin (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan) hər birinin milli parlamentlərinin 10 deputatından təşkil edilib. Bakı sessiyasında AVRONEST PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər.

Elxan Süleymanovun sözlərinə görə, AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək. Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Bununla yanaşı, AVRONEST PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək. Artıq internet saytının hazırlanması son mərhələdədir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək.

Sonda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri plenar sessiyanın keçiriləcəyi ilk Şərq Tərəfdaşlığı ölkəsinin Azərbaycan olmasını böyük siyasi uğur kimi səciyyələndirərək ölkəmizin mötəbər tədbirin keçirilməsinə tam hazır olduğunu qeyd etdi. O, Bakı sessiyasının müvəffəqiyyətlə keçiriləcəyinə və gələcəkdə AVRONEST PA-nın Şərq Tərəfdaşlığı ölkələrində keçiriləcək analoji sessiyalar üçün təcrübə mənbəyi olacağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə