Aydın Quliyev: “Xədicə İsmayılovanın şantaj edilməsi onun jurnalistika fəaliyyəti ilə bağlı olmaya bilər”

Aydın Quliyev: “Xədicə İsmayılovanın şantaj edilməsi onun jurnalistika fəaliyyəti ilə bağlı olmaya bilər”

\"Bu hadisələr Xədicə İsmayılovanın jurnalistika fəaliyyəti ilə bağlı olmaya da bilər. Görünür, kimlərsə bunu şəxsi maraqları naminə edib\". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev şantaj olunan araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid videogörüntülərin yayımlanmasına münasibət bildirərkən deyib. Baş redaktorun fikrincə, bu məsələlər aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır: "Çünki burada söhbət qadının şəxsi həyatına aid olan məsələlərdən gedir. Bu məsələlər o qədər siyasiləşdirilib ki, hətta onun şantaj xarakterli video görüntüləri, yazıları belə jurnalistika fəaliyyəti ilə əlaqələndirilib. Yaşanan bu hadisələrin onun jurnalistika fəaliyyəti ilə bağlı olub-olmadığı o halda aydınlaşa bilər ki, hədələyici materialların yayılmasının hansı dairələrdən qaynaqlandığı gərək ortaya çıxsın. Hesab edirəm ki, bu çox mürəkkəb bir məsələdir. Bütün bunlar çox qəliz və bir-birinə qarışıq məsələlər olduğuna görə, bunu xüsusi dövlət orqanları araşdıraraq yekun qərara gəlməlidirlər. Hətta bu yazılarla bağlı müxtəlif düşərgələrdən fikirlər səsləndirilir. Çünki yazıların hər birinin arxasında konkret imza dayanır. İmzaların da mahiyyəti ondan ibarətdir ki, bu yazıların bir kampaniyanın tərkib hissəsi olması belə aydın deyil. Onu da qeyd edim ki, X.İsmayılovanın əvvəlcədən müəyyən eyhamları olub və onun barəsində yayılan materiallar reallığı əks etdirə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə