Xorvatiya prezidenti İvo Yosipoviçin Bakıya səfəri əsasən iqtisadi ağırlıqlı bir səfər idi. Dövlət başçıları qarşılıqlı biznes əlaqələrini yüksəltməkdən, investisiya qoyuluşlarından, yeni əməkdaşlıq sahələrindən danışdılar. Bəs, Azərbaycan üçün ənənəvi olan energetikanı çıxmaqla, Xorvatiya ilə başqa hansı istiqamətlərdə münasibətlər maraq doğura bilər?
İqtisadçı ekspert, iqisadiyyat elmləri doktoru Əlibala Məhərrəmzadə deyir ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazırkı yeni başlayan dövründə Xorvatiya bizim üçün bir çox baxımlardan maraq doğura bilər: "Hələ Yuqoslaviyanın tərkibində olanda Xorvatiya iqtisadi inkişaf səviyyəsinə görə ittifaqda ikinci yerdə idi. Son illərdə isə sənayesində xüsusi inkişaf nəzərə çarpır. Bu ölkədə iqtisadiyyatın aparıcı sahələri kimi gəmiqayırma, kimya, yeyinti, elektrotexnika, maşınqayırma inkişaf edib. Və onlarla əməkdaşlıq Azərbaycanda da anoloji sahələrin inkişafına təsir göstərə bilər".
Xorvatiyanın gələn il iyulun 1-də Avropa Birliyinə üzv qəbul ediləcəyini xatırladan ekspert əlavə etdi ki, bu amil həmin ölkənin Azərbaycan üçün marağını ikiqat artırır. Çünki bu, bizim üçün Avropa Birliyi iqtisadi məkanına yeni çıxış imkanları açacaq.
İvo Yosipoviçin səfəri zamanı Xorvatiyadan gəmilərin alınması məsələsinə xüsusi toxunulmuşdu. Əlibala Məhərrəmzadə bunun təsadüfi olmadığını deyir. Onun sözlərinə görə, hələ 19-cu əsrdən Xorvatiya gəmiqayırma sənayesində irəli çıxmışdı, ötən əsrin 80-ci illərindən başlayaraq isə, bazarda aparıcı yerlərdən birini tutub. "Düzdür, hazırda Sakit okean hövzəsi ölkələrində gəmiqayırma geniş vüsət aldığı üçün Xorvatiyanın bu sahədəki mövqeləri nisbətən zəifləyib. İndi Xorvatiyada cəmisi bir gəmiqayırma şirkəti var. Bu, Almaniyanın Thyssen Krupp şirkətinin böyük yatırımlar qoyduğu "Viktor Lenas" şirkətidir. Amma həmin şirkət beynəlxalq tərəfdaşlarına daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir".
Ekspertin sözlərinə görə, hələ ki bu barədə açıq danışılmasa da, gələcəkdə Xorvatiyadan hərbi gəmilər də almaq mümkündür. Çünki hazırda həmin ölkənin mülki gəmiqayırmaya nisbətən, hərbi gəmiqayırma sahəsində daha güclü inkişaf müşahidə olunur. Dövlətin özü də bu sahəyə himayədarlıq edir. "Həmin ölkədə stels-texnologiyalar əsasında radarlara görünməyən müasir hərbi gəmilər istehsal olunur. Əgər Azərbaycan Xəzər donanmasını gücləndirmək barədə düşünürsə, Xorvatiya tərsanələrinə üz tutmaq bu baxımdan çox yaxşı seçim ola bilər",- deyə Məhərrəmzadə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB