Prezident İlham Əliyev Masallıda Gənclər Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev martın 13-də Masallı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanıb.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Birinci mərtəbədə 3D formatlı 120 tamaşaçı yeri olan kino zalı, sərgi salonu, elektron və pnevmatik tir otaqları, pleysteyşn otağı və rəsm qalereyası vardır. İkinci mərtəbədə isə 30 nəfərlik konfrans zalı, xarici dil kursu, 15 nəfərlik kompyuter kursu, elektron və multimedia kitabxana, karaoke otağı və kafe yerləşir.
Qeyd edilib ki, mərkəzdə müasir işıq, istilik, havalandırma və ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılıb. Bütün kompyuterlər yüksək surətli internetə qoşulub. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonundan olan gənclərinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB