Elşən Manafov: “Müxalifətin dəstəyi, sosial bazası mövcud deyil”

Müxalifətin dəstəyi, sosial bazası mövcud deyil. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyasının sədri Elşən Manafov müxalifətin ölkədə baş vermiş hadisələrə tələsik, provokasiya xarakterli reaksiyasına münasibət bildirərkən deyib.


Partiya sədrinin sözlərinə görə, müxalifət gündəmdə qalmaq üçün hər cürə vasitədən istifadə etməyə çalışır: "Onlar ölkədə baş vermiş bütün hadisələrə siyasi don geyindirərək siyasiləşdirmək istəyirlər. Bunu da Azərbaycan xalqı, cəmiyyəti çox aydın şəkildə görür və öz reaksiyasını verir".


Qubada baş vermiş hadisələrə də toxunan partiya sədri bildirib ki, bu adi bir hadisədir: "İstənilən cəmiyyətdə və dövlətdə bu kimi hadisələr baş verir. Bu hadisələri etirazların başlanğıcı kimi qələmə vermək də ən azından savadsızlığın bir başlanğıcıdır. Bu hadisələrin nədən qaynaqlandığı hər kəsə aydın bir məsələ idi və ölkə rəhbərliyi tərəfindən də buna cox düzgün qiymət verildi".


E.Manafov ACP lideri, eks-spiker Rəsul Quliyevin Quba hadisələrinə siyasi don geyindirərək, şərh etməsini də belə xarakterizə edib: "Rəsul Quliyev 20 ilə yaxındır ki, xarici ölkədə oturaraq bu cür bəyanatlar verir və "peyğəmbərlik" etməklə məşğuldur. Hadisələrə bu cür yanaşma cəfəngiyatdan başqa bir şey deyil. Potsovet, dünya və Avropa ölkələrin həyatına nəzər salsaq və diqqətlə izləsək görərik ki, stabilliyə nail olan ən yaxşı ölkə məhz Azərbaycandır. Bu gün Azərbaycan siyasi, iqtisadi, sosial stabillik baxımından nümunəvi dövlətdir. Avropa və dünya dövlətlərində iqtisadi böhran davam etdiyi bir halda ölkəmizdə əksinə iqtisadi inkişaf genişlənməkdədir. Məhz bütün bunlar da bizləri istəməyən qüvvələri həmişə qıcıqlandırıb və qıcıqlandırmaqda da davam etməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə