Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayıb

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayıb
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqlar başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev danışıqların başlanmasını münasibətlərdə vacib addımlardan biri hesab edib. O bildirib ki, viza rejiminin sadələşdirilməsi ilə əlaqədar sərhəd xidmətində qanunsuz miqrasiya ilə mübarizə və digər məsələlərlə bağlı müəyyən iş aparılmalıdır.
"Viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılıq Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına kömək edəcək. Diqqət etmək lazımdır ki, bu razılaşmaların imzalanması və ratifikasiyası məsələnin yalnız bir tərəfidir. Bu razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi zəruridir. İstərdik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanın daha çox vətəndaşını əhatə etsin".

Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia isə qeyd edib ki, əldə olunacaq nəticələr münasibətlərin dərinləşdirilməsinə gətirib çıxaracaq: "Ötən illər ərzində siyasi, sosial, iqtisadi və enerji sahələrində Aİ-Azərbaycan münasibətləri möhkəmlənib. Danışıqlar prosesi yəqin ki, müəyyən müddət davam edəcək".


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə