BSU-da jurnalistika fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib

BSU-da jurnalistika fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələrlə ölkənin aparıcı media və informasiya qurumlarının rəhbərləri arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan BSU-nun rektoru, professor Kamal Abdulla qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu görüş tələbələr üçün böyük əhəmiyyətə malikdir: "Tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır\". KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışında qeyd edib ki, belə görüşlərin təşkil olunmasında əsas məqsəd bu sahədə çalışanlara, jurnalistika peşəsini sevənlərə dəstək verməkdir: \"BSU-nun jurnalistika fakultəsinin sonuncu kursunda təhsil alan tələbələr 5 ay müddətində müxtəlif qəzetlərdə təcrübə keçəcək və hər ay 100 manat məbləğində əmək haqqı alacaqlar. 5 aydan sonra onlar özlərini doğrultsalar və ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr, həmin yerdə işə qəbul olunacaqlar. Bizim istəyimiz ondan ibarətdir ki, istedadlı tələbələr, həqiqətən, jurnalist olmaq istəyənlərin hamısı işlə təmin edilsin". Daha sonar görüşdə tələbələri maraqlandıran suallar media kapitanları tərəfindən cavablandırılıb.


Qeyd edək ki, fevralın 23-də analoji tədbir Bakı Dövlət Universitetində keçirilib və artıq BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsi qəzet redaksiyalarında işə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə