Əli Əhmədov: “Fransa Konstitusiya Şurası tərəfindən qərarın ləğvi Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli qələbəsidir”
\"Ötən gün Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarı əhəmiyyətli bir hadisədir\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, Fransanın Konstitusiya Şurasının bir müddət öncə Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə Fransa Senatında qəbul edilən qondarma \"erməni soyqırımı\"nın kriminallaşdırması haqqında qanunu qüvvədən salması hər şeydən əvvəl Sarkozinin Fransa prezidenti kimi məğlubiyyətidir. Ə.Əhmədovun sözlərinə görə, bu hadisə həmçinin, Sarkozini dəstəkləyən, bu işə sürüklüyən erməni diasporunun və bütövlükdə, erməni təbliğatının çox böyük məğlubiyyətidir.
"İkinci bir tərəfdən qərarın ləğvi Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli qələbəsidir. Hesab edirəm ki, Fransa cəmiyyəti bu formada qarşıdan gələn prezident seçkilərində də öz namizədliyini irəli sürmüş indiki prezident Sarkoziyə özünün münasibətini ifadə edir. Qarşıdan gələn prezident seçkilərində Sarkozinin prezidentliyə namizəd kimi seçicilərin ciddi dəstəyini əldə etmək imkanları yoxdur. Digər tərəfdən, Konstitusiya Şurası çox ciddi qərar qəbul etməklə Fransanın demokratik ənənələrini, dəyərlərini ona vurulmuş ciddi təhlükələrdən və zərbələrdən xilas etmiş oldu. Fransanın böyük və zəngin demokratik ənənələri var. Belə bir sərsəm qanunu qəbul etməklə Sarkozi və onun tərəfdarları Fransanın demokratik imicinə böyük bir zərbə vurublar, kölgə salıblar. Fransanın Konstitusiya Şurası Fransanın demokratik imicini qoruyub-saxlaya bildi. Bu isə onu göstərir ki, Fransada heç də hamı Sarkozi və onu dəstəkləyən azsaylı insanlar kimi düşünmürlər. Onlar daha demokratik təfəkkürlü insanlardır və heç bir halda razı olmaq istəmirlər ki, Fransa kimi demokratik ənənələri olan ölkədə insanların sərbəst sürətdə fikirlərini ifadə etməsinə hər hansı bir məhdudiyyət olsun", - deyə hakim partiyanın sədr müavini əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB