İlham Əliyev: \"Xocalı soyqırımını həyata keçirənlər layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq\" - MÜRACİƏT
Ermənilərin türk dünyasına qarşı həyata keçirdikləri terror hərəkətləri, soyuq müharibələr eyni metod və üsulla Azərbaycan türklərinə qarşı da yönəlib. Onlar bu gün də öz qanlı fəaliyyətlərinə ara vermək fikrində deyillər. 1988-ci ilin fevralın 13-dən ermənilərin Xankəndində başlanan siyasi aksiyaları sonradan əsl simasını göstərib. Nümayişlər sonradan terrora, azərbaycanlıların soyqırımına çevrilib.
Həmin dövrdə Qarabağın azərbaycanlılar yaşayan kəndləri talan edilir, insanlar vəhşi üsullarla qətlə yetirilir, dinc əhaliyə mənəvi-psixoloji təzyiqlər göstərilib ki, bu da Ermənistan tərəfindən Azərbaycana qarşı elan olunan müharibəyə gətirib çıxarıb. Erməni vəhşiliyinin daha bir nümunəsi Xocalıda törədilib. Belə ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımla yüzlərlə insanın, ahılların, qadınların, köməksiz əhalinin həyatına son qoyub. Şəhər yerlə-yeksan edilib, yer üzündən silinib. Bu qanlı cinayət XX əsrdə mülkü əhaliyə qarşı törədilən 5 ən dəhşətli cinayətdən biridir. Xocalı faciəsi sıralarında 106 qadın və 23 uşaq olmaqla 613 nəfərin qətli ilə nəticələnib, 487 nəfər əlil olub, 1275 nəfər erməni girovluğunun dəhşətli səhnələrini yaşayıb. 150 nəfərin taleyindən indiyə kimi də bir xəbər yoxdur. Xocalı soyqırımını erməni terrorçu dəstələri, tərkibi erməni gizir və zabitlərindən ibarət olan keçmiş sovet ordusunun 366-cı alayı ilə birgə törədiblər. Bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Bütöv ailələrin məhv edilməsi, insanların diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin təhqir olunması - insanların qulaqlarının kəsilməsi, dərisinin soyulması, bir neçə azyaşlı uşağın başının kəsilməsi, hamilə qadınların qarnını süngülərlə deşib, bətnindən körpənin çıxarılması və digər faktlar faşizmin əlamətləridir.
Artıq iki əsrdən çoxdur ki, ermənilər türk dünyasına qarşı terror həyata keçirməklə məşğuldur. Yalançı, hay-həşir təbliğatı aparılır, tarixi faktlar, gerçəkliklər dünyadakı həmmillətlərinin iştirakı ilə təhrif olunur. Bütün bunların qarşısını almaq üçün, xalqımızın başına gətirilən faciələri olduğu kimi təqdim etməliyik. Əgər bu işi görə bilməsək, dünya bizi tarixi faciələrimizin fonunda olduğumuz kimi tanımayacaq. Ermənilərin, rus və fars imperiyalarının Azərbaycan xalqının taleyində oynadıqları faciələrin ssenarilərini, arxivlərdə hələ də qan izlərini itirməyən sənədləri aşkarlamaq, üzə çıxarmaq lazımdır.
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bir çox beynəlxalq qurumlar bu faciənin siyasi, müvafiq qurumlar isə hüquqi qiymətini verə bilməyib. İcra katibinin sözlərinə görə, Azərbaycan Milli Məclisi müvafiq dövlət və hökumət qurumlarının müraciətlərinə baxmayaraq, ikili standartlara əsaslanan beynəlxalq qurumlar bu məsələyə biganəlik nümayiş etdiriblər: "İndi bizim qarşımızda duran əsas məqsədlər ondan ibarət olmalıdır ki, bu biganəlik və ikili standartlara baxmayaraq, Xocalı faciəsinin bütün həqiqətlərini dünya birliyinə, müvafiq beynəlxalq qurumlara bir daha çatdıraq. Biganəliyi aradan qaldırmaq üçün buna nail olmaq lazımdır. 20 il ərzində Xocalı faciəsinin dünyada, beynəlxalq aləmdə müəyyən işlər görülüb. Amma bundan sonra əsas hədəflər ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən Xocalı faciəsinə siyasi və hüquqi qiymət verilsin. Güman edirəm ki, çətinliklərlə üzləşməsinə baxmayaraq, hər kəs bu istiqamətdə işlərini davam etdirilməlidir. Bundan sonra, səylər daha da artırılarsa, dünyanın daha çox ölkələrin parlamentləri Xocalı soyqırımını qəbul edər və buna lazımi siyasi qiymət verilmiş olar".
Təbii ki, ermənilərin Azərbaycana qarşı terroçuluq hərəkətləri keçmişdə olduğu kimi bu gündə davam etməkdədir. Onların bu hərəkətlərinə qarşı antri-erməni təbliğatı hər zaman aparılıb. Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı "insanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanıyıb və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Bu günlərdə Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilib.Bütün bunlar göstərir ki, artıq anti-erməni təbliğatı dövlət başçısı səviyyəsinə kimi gedib çıxıb və prezidentin bütün çıxışlarında bu hadisələri pisləyən bəyanatalar öz əksini tapır.
Bu günlərdə prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bir çox mühüm məsələlər öz əksini tapıb. Dövlət başçısının xalqa etdiyi müraciətində deyilir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Azərbaycan Respublikası hazırda dünya təhlükəsizlik sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə mühüm rol oynayır. Harada baş verməsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik. Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaqdır.Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.
Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB