İran terrorçuluq və cinayətkarlığa qarşı mübarizəsi barədə ictimai rəydə aydınlıq yartmaq məqsədilə bəyanat yayıb
İran İslam Respublikası terrorçuluq və cinayətkarlığa qarşı mübarizəsi barədə ictimai rəydə aydınlıq yartmaq məqsədilə bəyanat yayıb. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İran İslam Respublikası son günlər Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində yayılan yalan və həqiqətdən uzaq xəbərləri nəzərə alaraq, Azərbaycan Respublikasında ictimai rəyi aydınlaşdırmaq və düzgün istiqamətə yönəltmək üçün aşağıdakı məqamları bildirməyi zəruri hesab edir:
1- Azərbaycan Respublikasındakı terror aktlarında İran İslam Respublikasının əli olması barədə bəzi informasiya vasitələri tərəfindən bir çox xəbərlər yayılmışdır. Bu ssenari sionist rejimi və onların havadarlarının casusları tərəfindən İranın nüvə alimlərinin terror edilməsi faktının ört-basdır edilməsi məqsədilə həyata keçirilir. Azərbaycan Respublikasının şərəfli xalqı bilir ki, sözü gedən xəbərlər əslində İran İslam Respublikasını mənfi simada götərmək və beynəlxalq səviyyəli terror aktlarının törədilməsi və Fələstin xalqını kütləvi şəkildə qətlə yetirilməsi işində ad qazanmış sionistlərə məzlum donu geydirmək və onlara xidmət etməyə yönələn səylərdir.
Ötən üç onillikdə, başda Amerika və sionizm olmaqla dünya hegemonları ilə mübarizə aparan İran İslam Respublikası, dəfələrlə Amerika və İsrail tərəfindən törədilmiş terror aktlarının qurbanı olmuşdur. Təccüb doğuran məqam bundan ibarətdir ki, Azərbaycan Respublikasının bəzi informasiya vasitələri özləri də bilmədən köhnə ssenariləri gündəmə gətirməklə, İran İslam Respublikasının nüvə alimlərinin sionistlər tərəfindən terror edilməsi məsələsində ictimai rəyin azdırılması, hegemon qüvvələrin qonşu ölkəyə qarşı (İran İslam Respublikası) mənfi media məqsədlərinin həyata keçməsi istiqamətində addım atmış olurlar.
2- Azərbaycan Respublikasının bəzi informasiya vasitələri xarici amillərin və ölkə daxilində onlara bağlı olanların təsiri altında İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik ötürülməsi barədə geniş təbliğat kampaniyası yaratmaqla ikitərəfli münasibətlərə xələl vurmağa çalışırlar. Bir halda ki, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə İran İslam Respublikasının misilsiz rola malik olması və bu yolda 20 min şəhid verməsi hamıya bəllidir. Birləşmiş Millətlər Təşkilatının baş katibi və bəzi aidiyyətli rəsmiləri təşkilatın xüsusi toplantısında və digər rəsmi iclaslarında narkotik maddələrin tranzit və qaçaqmalçılığı ilə mübarizə istiqamətində effektli tədbirlərinə görə İran İslam Respublikasına təşəkkürlərini bildirmişlər.
Azərbaycan Respublikasının informasiya vasitələri yaxşı olardı ki, narkotik maddələrin yayılmasının əsas köklərini, Əfqanıstanın işğalına yönəlmiş məqsədlərdə, eləcə də müsəlman ölkəsi olan və NATO-nun uçuşları marşrutu istiqamətində yerləşən Əfqanıstanda NATO qüvvələri çərçivəsində xaşxaş əkinlərini qoruyanların əməllərində axtarsınlar.
3- İran İslam Respublikasının Səfirliyi, İranın Radio və Televiziya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin yerli əməkdaşlarının həbs edilməsilə əlaqədar təəssüf və narahatlığını bildirərək, bu addımı hər iki tərəfin informasiya və media vasitələrinin əməkdaşlığına maneə yaradılması, xüsusilə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənovun Tehran səfəri zamanı əldə olunan razılaşmalara xələl vurmaq istiqamətində atılan addım kimi qiymətləndirir. Belə ki, infomasiya vasitələri və media sahəsində əməkdaşlıq, eləcə də informasiya vasitələri üzrə Müştərək Komitənin yaradılması barədə razılaşmanın əldə olunması istiqamətində iki ölkə tərəfindən atılan son addımlardan az sonra İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin əməkdaşlarının həbsi məsələsi başa düşüləndir və iki ölkə arasındakı münasibətlərin inkişaf etməsini, eləcə də mövcud olan anlaşılmazlıqların aradan qaldırılmasını istəməyən dairələrin fəaliyyətlərinin güclənməsindən xəbər verir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin kütləvi informasiya vasitələrindən gəzləntisi budur ki, onlar iki ölkə arasındakı münasibətlərin əhəmiyyəti nəzərə alaraq, İran İslam Respublikasının mənfi simada göstərilməsinə yönələn addımlardan çəkinməklə, həqiqətlərin söylənilməsi və iki ölkə arasındakı münasibətlərin inkişaf edərək genişlənməsi istiqamətində addım atsınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB