Tahir Kərimli: “AXCP-nin bu cür müşavirə keçirməsi fincanda fırtına törətməyə bənzəyir”
\"Biz ayrı-ayrı partiya sədrləri başqa bir partiya sədrinə qiymət verməklə onun sanbalını bir növ artırmış oluruq. Azərbaycanda hər kəs bilir ki, tək bir hakim partiya mövcuddur. Bu da Yeni Azərbaycan Partiyasıdır. Bu partiyanın özünün qüvvəti, xalq içərisində dayağı, həmçinin dövlətin idarəçiliyində iştirakı vardır\". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli AXCP-nin sədri Əli Kərimlinin keçirdiyi müşavirəyə münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, AXCP və digər partiyaların hazırki vəziyyətdə hər hansı bir ölkədə tendensiyanı müəyyən etmək imkanı yoxdur: "Bu cür müşavirələrin AXCP tərəfindən də keçirilməsi fincanda fırtına törətməyə bənzəyir. Bəs, belə olan təqdirdə bunların məqsədləri nədir? Sual olunur, bunlar bu müşavirəni keçirməklə nə demək istəyirlər? Sosial dayaqları itmiş, ətraflarında olan görkəmli şəxslərin partiyanı tərk etməsindən sonra onların ancaq bir məqsədi qalır. O da sosial şəbəkələr vasitəsilə gəncləri yoldan çıxararaq (pis hərəkətlərinə alət etmək), xarici ölkələrdən təsirlənib, popurist çıxışlar etməklə məşğul olmalarıdır. Bununla belə onlar özlərinəməxsus gah yol xəritəsi təqdim edirlər gah da ki, qarşıya vəzifələr (Avroviziya, hakimiyyət, parlament dəyişikliyi ilə bağlı) qoyurlar".
T.Kərimli bildirdi ki, Azərbaycan xalqı onları çox yaxşı tanıyır və heç birinin də ətrafında birləşən deyil: "Bunlar arxalarında dayaqları olmayan, yalnız müxalifət qəzetləri, aldadılan gənclər vasitəsilə fikirlərini bildirən bir qrupdur. Hesab edirəm ki, onlara elə bir diqqət də yetirilməməlidir. Onlara belə bir sual olunur? Əgər partiyaya yeni gələnlər təmiz əqidə ilə gəlirlərsə, bəs oranı tərk edənlər hansı əqidə ilə gedirlər? Necə olur ki, 10 illlərdir mübarizə aparmış insanlar həmin partiyadan hərəsi bir yana pərən-pərən düşüb. İndiki AXCP o dövrün AXC-nin qalığı, tör-töküntüsüdür. Onlar heç müxalifət içərisində bir-birlərini qoruya bilmədilər. Məsələn, İsa Qəmbərin prezidentliyi dövründə Əli Kərimli, Etibar Məmmədovu müdafiə etdi. Burada hansı birlikdən, gücdən söhbət gedə bilər? Demokratiya deməklə hər şey bitmir"-deyə, o sözlərinə əlavə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB