“Xocalı soyqırımını unutma” filminin təqdimat mərasimi keçirilib - FOTO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin binasında "SƏS\" qəzetinin Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı hazırladığı "Xocalı soyqırımını unutma" filminin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, hakim partiyanın Şura üzvləri, qəzet redaktorları, Xocalı soyqırımının şahidləri və ictimai-siyasi xadimlər iştirak edib.
Mərasimdə çıxış edən "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev deyib ki, Xocalı soyqırımı insanlığa yönəlmiş ən böyük vandalizm aktlarından biri idi: "Ermənilər hətta müharibə qanunlarını belə pozaraq dinc əhalini dəhşətli işgəncələrlə qətlə yetiriblər. Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində Xocalı soyqırımı öz hüquqi qiymətini alıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət Xocalı həqiqətlərinin dünya tərəfindən qəbul olunması və xalqımızın bu savaşda qalibiyyəti ilə nəticələnəcək".
B.Quliyevin sözlərinə görə, belə toplantıların keçirilməsi ilk öncə Xocalı faciəsinin unudulmaması məqsədini daşıyır: "Azərbaycan xalqı, xüsusilə gənclərimiz bu soyqırımı unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin bu cinayətə görə layiqli cəzalarını almaları üçün əllərindən gələni etməlidirlər. Bu tədbirlərin keçirilməsində digər məqsəd isə ondan ibarətdir ki, Xocalı faciəsinə dünya ictimaiyyətinin diqqətini yönəldək. Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin əsl üzünü, həqiqəti bilsələr ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı soyqırımının beynəlxalq təşkilatlar qarşısında XX əsrin ən dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar".
Daha sonra "Xocalı soyqırımını unutma" filmi nümayiş olunub. Adıçəkilən faciənin dəhşətlərini əks etdirən film nümayiş etdirildikdən sonra çıxış edən millət vəkili Musa Quliyev deyib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisdə (MM) xüsusi iclasın keçiriləcəyini deyən millət vəkili bildirib ki, xüsusi iclasda Xocalı soyqırımı ilə bağlı bir sıra məsələlər, o cümlədən soyqırımın beynəlxalq səviyyədə tanıdılması ilə əlaqədar müzakirələr aparılacaq, parlamentin dostluq qrupunun nümayəndələrinə soyqırımı haqqında müvafiq müraciətlərin göndərilməsi barədə qərarlar qəbul ediləcək: "Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib. Xocalı soyqırımı milli mənəviyyatımıza vurulan bir ləkədir. Biz bunu təmizləməliyik".
Soyqırımının beynəlxalq aləmdə tanıdılması məsələsinə də toxunan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarov deyib ki, AŞPA-nın sessiyalarında konteksdən kənar olaraq bu məsələ mütəmadi olaraq qaldırılır. Millət vəkili söyləyib ki, cinayət cəzasız qalmamalıdır: "Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Mən hesab edirəm ki, Azərbaycan dövləti, başda prezident İlham Əliyev olmaqla Xocalı soyqırmının dünyada təbliği və soyqırım kimi qəbul edilməsi üçün çox işlər görülür. Biz bütün gücümüzlə çalışmalıyıq ki, dünyanın ədalətdən danışan supergüclərini başa salaq ki, qondarma erməni soyqırımını müzakirə etməyin, Xocalıdakı erməni vandalizmini müzakirə edin".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan vətəndaşlarına çağırış edib. O, qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı ictimai həyatda tutuduğu vəzifəsindən asılı olmayaraq soyqırımı barəsində olan həqiqətlərin dünyada tanıdılması üçün maksimum işləməlidir: "Xocalı faciəsinin ildönümü, eləcə də, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı son dövrlərdə məqsədyönlü, ardıcıl bir strategiya həyata keçirilir. Məhz bunun sayəsində Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı soyqırımı ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılır. Burada ən böyük missiya Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın başlatmış olduğu \"Xocalıya ədalət\" kampaniyası ilə həyata keçirilir. Amma bununla yanaşı, bizim üçün çox vacibdir ki, törədilən faciənin miqyası, qəddarlığı, məqsədi və nəyə görə törədildiyi dünya ictimaiyyətinin diqqətinə çatdırılsın".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərin cəzasız qalmasını təəssüf hissi ilə qarşıladığını deyib. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu qeyd edən H. Bababoğlu deyib ki, bu qətliamı törədənlər hələ də azadlıqda gəzirlər: "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu günədək faciəni törədənlər nəinki məsuliyyətə cəlb olunmayıb, hətta bəzi hallarda onlar siyasətlə də məşğul olurlar. Beynəlxalq təşkilatlar bu faciə ilə bağlı ədalətli mövqelərini nümayiş etdirməlidirlər. Amma düşünürəm ki, bu faciəni törədənlərə ən layiqli cavabı Azərbaycan xalqının özü verəcəkdir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmri ilə biz torpaqlarımızı düşməndən azad etməklə, erməni quldurlarına ən layiqli cavab vermiş olacağıq".
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndəsi Samirə Quliyeva isə bildirib ki, Azərbaycan gəncləri, diaspor təşkilatlarının nümayəndələri bu faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər: "Bununla yanaşı görüləsi işlər də çoxdur. İkili standartların mövcud olmasına baxmayaraq, hər birimiz mövcud imkanlardan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında bu faciə ilə bağlı həqiqətlərin tanıdılmasına nail olmalıyıq. Beynəlxalq təşkilatlara müraciətlər olunmalı, müxtəlif piketlər keçirilməli və digər mühüm vasitələrdən istifadə edilməlidir".
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov isə vurğulayıb ki, anım günləri yalnız Xocalı faciəsinin ildönümü günlərində deyil, hər zaman həyata keçirilməlidir. Z.Qaralov Milli Məclis tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq sənədlərin qəbul edildiyini, artıq dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanındığını xatırladaraq görülən işlərin davam etdirilməsinin, səylərin artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən politoloq Cümşüd Nuriyev, YAP Xocalı rayon təşkilatının rəhbəri Vahid Əliyev film və Xocalı soyqrımı haaqında fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB