Gövhər Baxşəliyeva: “Gərgin vəziyyətlərdə İran Azərbaycanla öz dostluq münasibətlərini korlamamalıdır” - MÖVQE

Gövhər Baxşəliyeva: “Gərgin vəziyyətlərdə İran Azərbaycanla öz dostluq münasibətlərini korlamamalıdır” - MÖVQE

"İran hazırda çox gərgin vəziyyətdədir. Belə bir vəziyyətdə onun qonşusu olan Azərbaycana notalar verməsi düzgün deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, İran rəhbərliyinin apardığı siyasət nəticəsində ölkə günbəgün dünya birliyindən təcrid olunmuş vəziyyətə salınır, boykot olunur, dünya ilə əlaqələri kəsilir. Yəni, İran dövlətinə və xalqına qarşı mənəvi, mədəni və iqtisadi zərbələr vurulur.

"Hesab edirəm ki, bu vəziyyətdə İran rəhbərliyi heç olmasa Azərbaycanla öz dostluq münasibətlərini korlamamalıdır. Bu məsələyə ayıq ağılla yanaşılmalı, daima ona xoş münasibət, dostluq, qonşuluq münasibəti bəsləyən Azərbaycanla öz münasibətlərini korlamamalıdır", - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, ötən gün İran yenidən Azərbaycana nota verib. İranın Azərbaycandakı səfirliyinin rəsmi Bakıya təqdim etdiyi notada iranlı jurnalistlərin saxlanması etirazı yer alıb. Etiraz notasında iranlı jurnalistlərin saxlanması beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə