Sahibə Qafarova: “Azərbaycanın G-20 sammitinə dəvət olunması ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurudur”

Sahibə Qafarova: “Azərbaycanın G-20 sammitinə dəvət olunması ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurudur”

\"Azərbaycanın "Böyük iyirmiliyin" üzvü olan ölkələrin Meksikanın Los Kabos şəhərində növbəti sammitinə dəvət olunması onun beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurudur\". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycanın sürətli inkişafı regiondakı mövqeyinin göstəricisidir: "Azərbaycan təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları ilə Qərb üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar onun optimallığını və balanslaşdırıldığını təsdiqləyib. Buna nümunə kimi Azərbaycanın BMT-nin aparıcı strukturu olan BMT TŞ-yə üzv seçilməsi, G20 XİN rəhbərlərinin görüşündə Azərbaycanın iştirakı beynəlxalq strukturlar və xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığının inkişafını göstərmək olar".

Millət vəkili deyir ki, Azərbaycanda daxili stabilliyin qorunub saxlanmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə, sosial sahənin və enerji təhlükəsizliyinin, eləcə də demokratik proseslərin və institutların inkişafına nail olunub. Əldə olunan nəticələr yaxın perspektiv üçün ölkə qarşısında yeni vəzifələr qoyur, ölkənin uzunmüddətli maraqlarının təmin edilməsi üçün yeni imkanlar açır: "Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib və xarici siyasət məqsədlərini daha da təkmilləşdirib. Müstəqilliyimizin bərpa olunmasından keçən iyirmi il ərzində Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq münasibətlər fonunda regional liderə və bölgədə mühüm əhəmiyyət kəsb edən, əsas söz sahibi olan dövlətlərdən birinə çevrilməyə nail olub".

Bütün xəbərlər Facebook səhifəmizdə