Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, QHT Əməkdaşlıq Alyansı və Milli QHT Forumunun təşkilatçılığı, Qadın QHT Forumu, millət vəkilləri və digər koalisiyaların iştirakı ilə Xocalı Soyqırımının 20-ci ildönümünə həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, toplantı barədə məlumat verən Alyansın əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, bu məsələ Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü və təklifi kimi digər QHT koalisiyaları ilə birlikdə müzakirə edilib və eyni zamanda bu faciə ilə bağlı gerçəkliklərin dünyaya çatdırılıması üçün xüsusi tədbirlər planı hazırlanıb.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirib ki, şura Qarabağ faciəsinin dünyaya çatdırılmasını hər zaman prioritet hesab edib. Onun sözlərinə görə, bu il də bununla bağlı tədbirlər davam etdiriləcək. Fərasət Qurbanov həmçinin onu da əlavə edib ki, Azərbaycan həqiqətlərinin və Xocalı Soyqırımının dünyaya çatdırlımasında Heydər Əliyev Fondu və onun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bu istiqamətdə olduqca önəmli addımlar atıb, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırıb.
Məsələnin sosial şəbəkələrdəki təbliğindən danışan Alyansın Şura üzvü Razi Nurullayev isə bildirib ki, Dağlıq Qarabağ həqiqətləri və Xocalı Soyqırımı ilə bağlı bütün gerçəkliklərin internet vasitəsi ilə təbliğində çox ciddi irəliləyişə nail olublar və bundan sonra da bu cür addımları atmağa davam edirlər.
Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, Forum indiyə qədər bu istiqamətdə bir neçə layihələr həyata keçirib ki, bunların da əksər hissəsi xarici ölkələrdə reallaşıb. Onun sözlərinə görə, Forum bundan sonra da bu istiqamətdə atılacaq addımlarını davam etdirəcək.
Qeyd edək ki, toplantıda çıxış edən ziyalılar bu cür tədbirlərin kampaniya yox, silsilə xarakterli olmasının arzulayıblar.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB