Musa Qasımlı: \"Fransa orta əsrlərin inkvizisiya dövrünə qayıdır\"-MÜSAHİBƏ

Musa Qasımlı: \"Fransa orta əsrlərin inkvizisiya dövrünə qayıdır\"-MÜSAHİBƏ

Millət vəkili, professor Musa Qasımlı ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin ayrı-ayrılıqda fəaliyyətləri barədə SƏSTV-yə danışıb.

- Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulması ilə bağlı vasitəçilik edəcəyini deyib. Sizcə Azərbaycan torpaqlarının işğal altında olduğu bir vaxtda bu cür əlaqələrin qurulması nə dərəcədə mümkündür?

- İlk olaraq qeyd edim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yönəlik istənilən təşəbbüs müsbət qiymətləndirilməlidir. Amma təbii ki, bu təşəbbüslər müsbət nəticə verəcəksə, alqışlamağa dəyər, əks halda elə kağız üstündə də qalacaq. Azərbaycanın bu məsələdəki mövqeyi bütün dünyaya dəfələrlə bəyan edilib. Yəni torpaqlarımız işğaldan azad edilməyənə qədər Ermənistanla hər hansı bir əlaqə və əməkdaşlığın qurulması mümkün deyil. Uzun illər boyu Avropa İttifaqı ölkələri də belə təşəbbüslər göstərdilər, lakin bu fikirlərin həyata keçirilə bilməsi üçün ilk olaraq siyasi addım atılmalıdır. Yəni, Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir ki, hər hansı bir əməkdaşlıqdan söhbət getsin. Bütün bunlarla yanaşı, humanitar əlaqələrin bu cür ağır problemlərin həllində böyük rolu olduğunu qeyd etməkdə fayda var.

- Rusiyanın bu cür təşəbbüslərini nəzərə alaraq deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya fəallıq göstərir. Bu fəallığın qarşısında ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın passivliyi nə ilə izah edilə bilər?

- ABŞ-ın başının yaxın orta şərqdə, ərəb ölkələrində baş verən hadisələrə qarışdığı heç kəsə sirr deyil. Bir tərəfdə İraq, Əfqanıstan, Misir, Liviya, Tunis, Suriyada baş verən haisələr, İranla münasibətlər var. Digər tərəfdə isə bir sıra qərb ölkələri Rusiya ilə baş- başa gəlməkdə maraqlı deyillər. Çünki bu region ölkələrinə Rusiyanın təsiri digər dövlətlərə nisbətən daha çoxdur. Ona görə də hesab edirəm ki, qərb ölkələri Rusiya ilə belə bir məqamda toqquşmaq istəməzlər. Çünki son illərdə İraqdakı hadisələr və Əfqanıstana müdaxilədən sonra Rusiya xeyli gücləndi, borclarını ödədi, Avropanın qaz təchizatında rolunu artırdı. Bütün bunlar isə qərb ölkələrini düşünməyə vadar edir. Təbii ki, sadalanan bütün faktlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətində suallar doğurur. Lakin bizə həmsədrlərin kim olduğu deyil, nəticə önəmlidir. Yəni Minsk qrupu öz mandatlarına uyğun olaraq Azərbaycan torpaqlarının işğaldan azad olunmasına çalışmalı və münaqişəni kökündən həll etməlidirlər.

- Rusiya və ABŞ haqda fikirlərinizi öyrəndik. Həmsədrlərdən danışmışkən növbəti sualım Fransa ilə bağlıdır. Fransanın qondarma \"erməni soyqırımı\"nı qəbul etməyənlərə cəza tətbiq edilməsi ilə bağlı qanun layihəsini qəbul etməsi, onların bu qondarma soyqırımnıı nə qədər kriminallaşdırdığını və ermənipərəstliklərini göstərdi. Bütün bunlardan sonra Fransanın həmsədr ölkə olaraq ədalətli mövqeyinə inanmaq gülünc deyil?

- Əslində Fransa senatında belə bir qanunun qəbul edilməsi bir daha göstərdi ki, Fransa ATƏT-in Minsk qrupunda həmsədrlikdə mənəvi haqqını artıq itirib. Həmsədr ölkə hər hansı bir məsələdə bitərəfliyini qoruyub saxlamalı və vasitəçiliyini layiqincə yerinə yetirməlidir. 1915-ci ildə uydurulmuş bir soyqırımını siyasiləşdirən Fransa birmənalı şəkildə ermənilərin tərəfində olduğunu göstərdi. Ona görə də, Fransa artıq bir çox məsələlərdə öz haqqını itirib. Türkiyə və türk dünyasına qarşı atılan bu addımın Azərbaycana da təsiri böyükdür. Belə ki, ermənilər yaxşı bilirlər ki, qondarma soyqırımını türklər heç vaxt qəbul etməyəcəklər. Ona görə də, Türkiyədən hansısa təzminat və ya torpaq almaq mümkün olmayacaq. Belə olan təqdirdə də, ermənilər işğal altında olan Azərbaycan torpaqları üzərində iddia qaldıra bilərlər. Fransanın bu qərarı, ümumiyyətlə azad insan düşüncəsinə qadağa qoymaqdır. Əgər Fransa Konstitusiya Şurası bu qərarı ləğv etməyəcəksə, onda deməli Fransada demokratiyadan danışmağa dəyməz. Fransa orta əsrlərin inkvizisiya dövrünə qayıdır. O vaxtlar azad fikir bildirənləri tonqala atıb yandırırdılar, indi isə 45 min avro və ya həbs cəzasına cəlb edirlər.

- Bir sıra politoloqlar Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını məqsədəuyğun hesab edirlər. Bu sizcə, münaqişənin həllini uzatmazmı?

- Fransanın Minsk qrupunda həmsədrliyində ədalətli və obyektiv mövqe tutacağına qrupdakı digər dövlətlər də artıq etibar etməyəcəklər. Əgər Fransada bu qərar qəbul edilsə, Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsi mütləq qaldırılmalıdır. Bu addımın bir sıra məqsədləri var. Yəni hökmən deyil ki, Fransa həmsədrlikdən uzaqlaşdırılsın. Bu eyni zamanda təzyiq vasitəsidir. Yəni Fransaya hansı səhvi etdiyini göstərib yerini bildirmək lazımdır. Digər tərəfdən də ATƏT-in Minsk qrupunun həmsədrləri nailiyyət əldə etməsələr də fəaliyyətləri göz qabağındadır. Bu prosesin yenidən başlanması hər şeyi ən əvvələ qaytara bilər. Bu da təbii ki, münaqişənin həllini uzadar.

Bütün xəbərlər Facebook səhifəmizdə