Elxan Poluxov CAR-ın Teyp Taun şəhərində işgüzar səfərdə olub

Elxan Poluxov CAR-ın Teyp Taun şəhərində işgüzar səfərdə olub
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov cari ilin 8-12 fevral tarixlərində CAR-ın Teyp Taun şəhərində işgüzar səfərdə olub. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən SİA-ya verilən məlumata əsasən, səfər çərçivəsində səfir E.Poluxov CAR parlamentinin hər il keçirilən açılış iclasında iştirak edib. Parlament üzvləri qarşısında ənənəvi xalqa müraciət ilə çıxış edən prezident Yakob Zuma 2011-ci il ərzində əldə edilmiş nailiyyətlər və ölkənin 2012-ci il üçün perspektiv planları barədə danışıb.

11 fevral tarixində E.Poluxov CAR- Daxili İşlər naziri xanım Nkosazana Dalmini-Zuma ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın keçdiyi uğurlu yol barəsində danışan səfir, CAR ilə Azərbaycan arasında oxşarlığın olduğunu vurğulayıb. Hər iki ölkənin demək olar ki eyni tarixi dövrdə, 90-cı illərin əvvəllərində, yeni siyasi sistemə keçməyə müvəffəq olduqlarını və bunun üçün uzun və çətin yol keçdiklərini qeyd edən E.Poluxov, gənc respublikaların müstəqilliklərini qoruyub saxlamaq üçün davamlı mübarizə apardıqlarını deyib. Azərbaycan-Cənubi Afrika münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu və bunun səmərəli istifadəsinin vacibliyindən danışan E.Poluxov xanım Dlamini-Zumanı azərbaycanlı həmkarları ilə əlaqələrinin yaradılması və möhkəmlənməsinə dair addımların atmasına çağırıb.

Öz növbəsində nazir Dlamini-Zuma Azərbaycanın Cənubi Qafqaz regionunda oynadığı vacib və həlledici rolunu vurğulayaraq, Cənubi Afrikada səfirliyin açılmasını yüksək qiymətləndirib. Rəhbərlik etdiyi nazirliyin vətəndaşların və əcnəbilərin qeydiyyatı, viza və əmək fəaliyyətinə dair icazələrin verilməsi, ölkədə seçkilərin keçirilməsi və bir sıra digər məsələlərlə məşğul olduğunu bildirən xanım Dlamini-Zuma Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. Danışığın sonunda tərəflər görüşlərin davamlı əsasda keçirilməsinə qərarlaşıblar.

Səfər çərçivəsində E.Poluxov həmçinin CAR Parlamentinin bir sıra üzvləri ilə görüş keçirib və Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, o cümlədən Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü məsələsini müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə