Azərbaycan prezidenti İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 11-də Argentinanın turizm naziri Karlos Enriki Meyeri qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Argentina arasında son illər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib.

Prezident Argentinada Azərbaycanın səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığın daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Ölkələr arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlət başçısı Karlos Enriki Meyerin Azərbaycana səfərinin münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, K.E.Meyer ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. Əməkdaşlığın inkişafında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayan qonaq bu baxımdan rəhbərlik etdiyi nazirlik tərəfindən Azərbaycanın turizm sektoru nümayəndələrinin Argentinaya təşkil olunacaq səfərinin önəmini qeyd edib. O, Azərbaycanda hər il keçirilən ənənəvi turizm sərgisində ölkəsinin turizm şirkətlərinin də iştirak etmək arzusunda olduğunu bildirib.

Görüşdə əlaqələrin möhkəmlənməsində 2013-cü ildə Argentinada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin önəmi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə