Gülmalı Süleymanov: \"Xəzərin Azərbaycan sektorunun donması nadir hadisədir\"

Gülmalı Süleymanov: \"Xəzərin Azərbaycan sektorunun donması nadir hadisədir\"
Son günlər havaların şaxtalı keçməsi Azərbaycanın Xaçmaz rayonunun Nabran yaşayış məntəqəsi ərazisindən Sumqayıt sahillərinə kimi Xəzər dənizinin sahil ərazilərinin donması ilə nəticələnib. Ağ rəngə bürünən Xəzərin suları sahildən 200-300 metr içəriyə doğru buz qatı ilə örtülüb. Dənizdəki buz qatının qalınlığı təxminən 30 sm-dən 2 metrə qədər çatır. Ekoloqlar hesab edir ki, son günlər müşahidə edilən buzlaşma iqlim dəyişikliyi ilə əlaqədardır. Xəzər dənizinin şimal hissəsində donma daimi bir haldı. Dənizinin şimal hissəsi noyabr ayından martın axırlarına qədər donur. Soyuqlar kəskinləşdikcə buzlaşma Mahaçqala, Dərbənd, hətta Abşerona qədər gəlib çıxır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülmalı Süleymanov deyir ki, belə hallar Xəzərin şimal hissəsində bir neçə dəfə müşahidə olunub. Xəzərin Azərbaycan sektoru dənizin orta hissəsi sayılır və burada suyun donması çox nadir hadisədir: "Xəzər dənizinin Abşeron hissəsində buzlaşma hələ ötən əsrdə 1947 və 1953-cü illərində daha sonra isə 1969, 1970, 1972-ci illərdə müşahidə edilib. Bu hadisələrdən daha çox yadda qalan isə 1953-cü ildə olub ki, bu zaman şimalda yaranan buz kütlələri şimaldan cənuba doğru hərəkət etməyə başlayıb. Hazırda Xəzərdə olan buz salları ekoloji problem yaratmayacaq".

Gülmalı Süleymanov bu fikirdədir ki, Xəzər dənizində suyun donması onun suyunun çirklənməsinə, eyni zamanda bioloji aləminin məhv olmasına təsir etməyəcək: "Çünki hazırda dənizin yalnız üst qatı buzla örtülüb. Dənizdəki əsas canlı aləm isə onun aşağı qatlarındadır. Bir sıra balıq növləri var ki, onlar şimaldan köç edirlər bu isə o deməkdir ki, həmin növlər atıq soyuq tempratura alışqandır".

Son günlər havaların soyuq keçməsinin Azərbaycanın flora aləminə də təsirsiz ötüşmədiyini deyən ekoloq, bunun daha çox köçəri və yerli quşlara təsir etdiyini bildirdi. Mütəxəsis deyir ki, bir sıra dövlət qoruqlarında quşlar yem tapmadığından onların cənuba axını müşahidə edilib: "Artıq bir neçə gündür ki, Bakı buxtasında quşların kütləvi axını müşahidə edilir. Bu daha çox özünü bulvar ərazisində göstərir ki, bura da bir çox nadir quş növləri gəlib. Bunlardan flaminqo, qu quşu, torağayı sahil zolağına enməyən quşlara aiddir. Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin quşlar şimaldan gəlir ki, yağan güclü qar nəticəsində həmin ərazilərdə yem tapa bilmirlər.

Qeyd edək ki, Xəzər dənizində buzlaşma əsasən Xəzərin Qusar hissəsindən Sumqayıt ərazisinə kimi müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə