Havanın çovğun və şaxtalı keçməsi paytaxt ərazisində kommunal xidmətlərlə bağlı problemlərə səbəb olub. Dünən Bakının Xətai, Nizami, Binəqədi rayonlarında enerji təchizatında məhdudiyyətlər yaranıb. Sözügedən rayonların sakinlərinin verdiyi məlumata görə, enerji verilişi dünən axşam saatlarında bərpa olunsa da, bu gün yenidən kəsilib. Oxşar vəziyyət qaz təchizatında da müşahidə olunur. Sakinlər işıq və qazsız ciddi problemlər yaşadıqlarını bildiriblər: "Soyuq havada mənzilləri isitmək mümkün deyil. Uşaqlar, yaşlı adamlar üçün daha çətindir. Yaranmış vəziyyətlə bağlı əlaqəli qurumlara müraciət etmək istəsək də, gün ərzində qəza xidmətlərinin telefonları işləməyib. Əhali 6-8 dərəcə şaxta ilə mübarizə aparır. Soyuqdan donuruq".
Qeyd edək ki, hazırda paytaxtda mənfi 2-5 dərəcə şaxta var.
\"Bakıelektrikşəbəkə" çətinliyə düşüb
\"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, hava şəraiti ilə əlaqədar paytaxtda əhaliyə verilən elektrik enerjisində müəyyən problemlər yaranmasına səbəb, bir sıra yerlərdə yaranan texniki nasazlıqlardır. Eyni zamanda suyun donması ilə əlaqədar "Azərenerji" SC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyətində problemlər yaranıb və "Bakıelektrikşəbəkə\"yə enerjinin verilməsini 25 faizədək azalıb. Bunun nəticəsində bəzi rayonlara elektrik enerjisinin verilməsində fasilələr yaranır.
Artıq problem aradan qaldırılıb
T. Mustafayev bildirib ki, hazırda qurumun əməkdaşları 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır. Bu günlərdə vətəndaşlar səbirli olsunlar: "Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması üçün növbətçilik üzərində nəzarət gücləndirilib, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, aparılması nəzərdə tutulan bütün işlər müvəqqəti olaraq dayandırılıb. Ancaq buna baxmayaraq yollar buz bağlayıb, əməkdaşlarımız qəza baş verən əraziyə vaxtında çatmasında çətinliklər var. Çalışırıq ki, yaranmış problemləri vaxtında aradan qaldıraq. Abonentlərdən xahiş edirik ki, ehtiyac olmadıqda elektrik xətlərini yükləməsinlər, problemlər haqqında isə "199 - Qəza xidməti"nə məlumat versinlər".
Qaz verilişində problemlə bağlı ciddi siqnal yoxdur
Dünən Binəqədi və Nəsimi rayonlarında qaz verilişi ilə bağlı məhdudiyyətin səbəbini isə "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı sözügedən ərazidə qəzanın baş verməsi ilə izah etdi. Qurumun sözçüsü bildirdi ki, "Azəriqaz"ın əməkdaşları gücləndirilmiş iş rejimində işləyir və yaranmış bütün problemlərin dərhal həlli istiqamətində tədbirlər görülür ki, əhali bu soyuq günlərdə əziyyət çəkməsin: "Görülən tədbirlər nəticəsində artıq qaz məhdudiyyəti yaranmış ərazilərə qaz verilib. Hazırda paytaxt ərazisində qaz verilişində problem yoxdur və hər hansı nasazlıqla bağlı ciddi siqnal almamışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB