Baş nazirin müavini: \"Fransa senatında qəbul edilən qərar xalqın mövqeyini və reallıqları əks etdirmir\"

Baş nazirin müavini: \"Fransa senatında qəbul edilən qərar xalqın mövqeyini və reallıqları əks etdirmir\"

Bu gün Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana gəlməsi, qaçqın və məcburi köçkünlərlə görüşmələri, senatda qondarma "erməni soyqırımı"nı inkar edən qanunun əleyhinə səsvermələri bir daha onu göstərir ki, senatda qəbul edilən qərar Fransa xalqının mövqeyi demək deyil. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, senatda qəbul edilən qərar erməni diasporu tərəfindən satın alınan bir qrup insanların fikridir. Onun sözlərinə görə, bu da xalqın fikrini, reallıqları əks etdirmir.


"Biz bunları görə-görə gəlmişik. Vaxtilə Mixail Qarbaçov, sonra ABŞ Konqresi erməni diasporunun təzyiqi ilə bu addımları atdı, indi isə Sarkozi bu addımları atır. Amma Azərbaycan dövləti, prezidenti balanslı siyasət yeridir, bütün ölkələrlə dostluq və mehribanlıq şəraitində əməkdaşlıq edir. Təbii ki, bu xalqın, Azərbaycan hökumətinin mövqeyidir. İnsani hisslər başqa, diplomatiya isə tamam başqa bir şeydir. Onlar bildirir ki, bu problem yaxın vaxtlarda həll olunacaq. Axı biz bunu neçə illərdir eşidirik. Biz bilirik ki, problemin həllinə mane olan kimlərdir, hadisələri törədən hansı dövlətdir. Həm ABŞ, həm də Fransada erməni diasporunun ölkə rəhbərliyinə, senata, senatorlara böyük təsiri var. Bu qaçılmaz bir faktdır. Hesab edirəm ki, Azərbaycanda səfərdə olan qrup haqqı-ədaləti dəstəkləyən insanlardır", - deyə o əlavə edib.


Ə.Həsənov qeyd edib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan reallığını, düşdüyü vəziyyəti, inkişafını, qaçqınların 20 il ərzində səbr nümayiş etdirərək problemin həllini, dövlətə, prezidentə inanaraq necə gözlədiyini görürlər. Bütün bunlar da ümumi işimizin xeyrinədir. Avropalılar, qərblilər Azərbaycandakı reallığı, münaqişədə Ermənistanın cinayətkar rolunu bilərsə, gələcəkdə bu, problemin həllini daha da tezləşdirə bilər: "Natali Qulenin bu məsələdə rolu böyükdür. Onlar bu reallıqları görəndən sonra öz partiyalarında erməni diasporunun təsiri altında çıxış edənlərə öz təsirini göstərmə imkanları əldə edəcəklər".


Bütün xəbərlər Facebook səhifəmizdə