Aygün Əliyeva: “ Gənclər Birliyi Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı işlərə başlayıb”- MÜSAHİBƏ (SƏS TV)
Yeni Azərbaycan Partiyası (YAP) Gənc Birliyinin sədr müavini Aygün Əliyevanın SƏS TV-yə müsahibəsi:
- Aygün xanım, qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bununla bağlı YAP Gənclər Birliyi nə kimi işlər görür? Ümumiyyətlə, gənclərimiz bu mövzu ilə əlaqədar beynəlxalq müstəvidə öz sözlərini deyə bilirlərmi?
- İlk olaraq qeyd edim ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ölkənin həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyük gənclər təşkilatıdır. Bu səbəbdən həmin illərdə baş verən hadisələrə öz münasibətini bildirməlidir. Xocalı soyqırımının ildönümünü beynəlxalq səviyyədə tanıdılması ilə bağlı Gənclər Birliyi artıq müəyyən işlərə başlayıb. Hətta internet vasitəsilə beynəlxalq qurumlarda təmsil olunan insanlara Xocalı soyqırımı haqqında informasiyalar göndərirlər. Bu aksiya artıq başlayıb və fevralın 26-a kimi davam edəcək. İlk olaraq Fransa Senatına və Assambleya üzvlərinə məlumatları göndərməklə məşğuluq. Fransız dilində Xocalı soyqırımı haqqında məlumat və bu hadisəni əks etdirən fotolar hazırlayıb, onların internet adreslərinə göndəririk. Təbii ki, bu da təsadüfi deyil, çünki bir müddət əvvəl Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tədbiri nəzərdə tutan qanun qəbul etdi. Buna görə də aksiyanın ilk addımlarını məhz həmin insanlara ünvanlayırıq. Daha sonra davamlı olaraq BMT-nin və ATƏT-in müxtəlif qurumlarına, eyni zamanda bir çox beynəlxalq təşkilatlara bu faktları göndərəcəyik. Bu işlə YAP Gənclər Birliyinin 30-dan çox fəalı məşğul olur. Gün ərzində təxminən 1000-1500 insana bu məlumatlar çatdırılır. İnanırıq ki, fevralın 26-a qədər bu rəqəm daha da artacaq. Onu da qeyd edim ki, hətta Fransa Senatının üzvləri bizə cavab məktubu da göndərib. Bəziləri isə bu məsələdə bizimlə razılaşdıqlarını qeyd edirlər. Düşünürəm ki, bu layihə çox uğurlu nəticə verəcək. Fevralın 26-da isə genişmiqyaslı tədbir və konfransla işimizi yekunlaşdıracağıq.
- 2011-ci il artıq arxada qalıb. Ötən il Gənclər Birliyi üçün hansı uğurlarla yadda qalıb və 2012-ci ildə hansı yeni layihələrin reallaşdırılması nəzərdə tutulur?
- Gənclər Birliyi 1995-ci ildən fəaliyyət göstərir. 2011-ci ildə bizim böyük uğurlarımız oldu. Prezident İlham Əliyevin doğum günü ərəfəsində yeni ofisimiz istifadəyə verildi. Yeni ofisin istifadəyə verilməsi onsuz da ictimai həyatda fəal olan Gənclər Birliyinin mövqeyini daha da möhkəmləndirdi. İşlərimizi daha sistemli və mükəmməl şəkildə davam etdirməyimizə kömək etdi. Ofisimizdə 3 gənc müxtəlif sahələr üzrə çalışır. İşlərimizin maksimum dərəcədə inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik. Bu il üçün isə bir çox layihələr nəzərdə tutulur. Fevral ayı görülən işlərlə bağlı məlumat vermək istərdim. Bu ay gənclərin yadında qış məktəbləri ilə qalacaq. 2007-ci ildən YAP Gənclər Birliyi yay-qış məktəbləri kampaniyası keçirir. Buna misal olaraq ötən yay 600-ə yaxın gənc müxtəlif bölgələrdə istirahət etdilər. Builki qış məktəbinə isə 250-300 gənc Qəbələ və Oğuz istiqamətində müxtəlif bölgələrdə 3 günlük liderlik məktəbi keçəcəklər. Bunlar bizim böyük miqyaslı layihələrimizdən biridir. Bu ay da növbəti işimiz Xocalı soyqırımı ilə bağlıdır. Bununla yanaşı Türkmənçay müqaviləsinin imzalanması ilə bağlı tarixçi alimlərlə gənclərimizin görüşü olacaq. Türk dostlarımızla birlikdə Türkiyə-Azərbaycan dostluğunu əks etdirən böyük layihəmiz olacaq. Növbəti aylarda isə gənclərlə müxtəlif mövzularda debatların keçirilməsini planlaşdırırıq. Aktiv gənclərə sosial şəbəkələrdə iş verməyi də düşünürük.
- YAP Gənclər Birliyi beynəlxalq gənclər təşkilatları, o cümlədən hakim partiyanın əməkdaşlıq etdiyi bir sıra ölkələrin siyasi təşkilatlarının analoji qurumları ilə təmaslara üstünlük verirmi və yaxın zamanlarda bu sıraya yenilərinin əlavə olunması gözləniləndirmi?
- Təbii ki, beynəlxalq təşkilatlarla təmaslara üstünlük verilir və bunsuz da mümkün deyil. Bildiyimiz kimi dövlətimiz balanslaşdırılmış xarici siyasət yürüdür. Gənclər Birliyi də ölkənin böyük siyasi gənclər təşkilatı olaraq bu siyasəti dəstəkləyir. Hazırda bir sıra ölkə gəncləri ilə əlaqələrimiz var. Misal olaraq, Rusiyanın iqtidar partiyasının gəncləri, Ukraynanın, Gürcüstanın, Türkiyənin gəncləri ilə əlaqələrimiz mövcuddur. Hətta bir ay öncə Belçikaya səfərlərimiz də oldu. Bu gün isə makedoniyalı gənclərlə görüşümüz oldu. Bu görüşdə iki ölkə gəncləri arasında sıx əməkdaşlığı məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB