Makedoniyanın Gənclər Forumu ilə YAP Gənclər Birliyinin üzvləri arasında görüş keçirilib

Makedoniyanın Gənclər Forumu ilə YAP Gənclər Birliyinin üzvləri arasında görüş keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyəti bu gün YAP Gənclər Birliyinin idarə heyətinin üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, qonaqları salamlayan Gənclər Birliyinin sədri Seymur Orucov makedoniyalı türk gənclərin ölkəmizə səfərini yüksək qiymətləndirib.

Təmsil etdiyi qurumun fəaliyyətindən, dövlətin gənclər siyasətindən, gənclərə göstərilən dövlət qayğısından söz açan sədr gələcəkdə hər iki gənclər təşkilatının daha sıx əməkdaşlıq edəcəyinə ümüd etdiyini bildirib.

Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyətinin üzvü Fuad Hacı Eyyub isə çıxışında Azərbaycana ilk dəfə səfər etdiyini və görüşlər zamanı aparılan müzakirələrin hər iki ölkənin gəncləri arasında yeni layihələrin təməlini qoyacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, fevralın 9-na kimi ölkəmizdə səfərdə olan Forum üzvlərinin gənclər idman naziri Azad Rəhimovla görüş keçirilməsi də nəzərdə tutulub. Bunula yanaşı dövlət və qeyri-hökümət təşkilatlarının gəncləri ilə də görüşlərin keçiriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə