Penitensiar Xidmətinin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Penitensiar Xidmətinin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2011-ci il ərzində görülmüş işlər, buraxılmış nöqsanlar və qarşıda duran vəzifələrə həsr edilmiş əməliyyat müşavirəsi keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisləri, Təşkilat-nəzarət idarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev müşavirəni giriş sözü ilə açaraq, Penitensiar Xidmətin 2011-ci il ərzindəki fəaliyyətinə yekun vurub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.

Penitensiar Xidmətin rəhbərliyi tərəfindən şəffaflığın artırılmasına xüsusi fikir verilib, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülüb və hərtərəfli araşdırılıb. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlər davam etdirilib, prezidentin Əfv Sərəncamları vaxtında və dürüst icra olunub.

Hesabat dövrü ərzində müasir beynəlxalq standartlara tam cavab verən yeddi yeni müəssisənin obyektləri üzrə tikinti işləri davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə