AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsinin yığıncağı keçirilib
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun hüquqi məsələlər və insan haqları komitəsinin yığıncağı keçirilib. Yığıncaqda Azərbaycanda "siyasi məhbus" problemi ilə bağlı məsələ müzakirə olunub.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yığıncaq barədə AzərTAc-a verdiyi müsahibəsində deyib: "Müzakirələrdə komitə üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri iştirak etmişlər. Çox ciddi müzakirələrin əsas məğzi ondan ibarət oldu ki, Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmaq qəti mümkün deyil və bu, Azərbaycan-Avropa Şurası əlaqələrinə böyük zərbə vura bilər. Ona görə də "siyasi məhbus" adı altında Azərbaycana təzyiq göstərmək, Azərbaycanı başqa ölkələrdən fərqləndirib ona təzyiq yolu ilə hansısa tədbir keçirmək qətiyyən düzgün deyildir. Bu mövqeyi komitə üzvlərinin əksəriyyəti dəstəklədi və hesab edirəm ki, növbəti yığıncaqda daha kəskin etiraz bildiriləcəkdir.
Bu gün Azərbaycanın və onun Prezidentinin apardığı siyasət birbaşa insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətdir və bu siyasəti görməmək ən azı böyük qəbahətdir. Hesab edirəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı görülmüş işlər AŞ-nin deputatlarına ciddi şəkildə çatır və ona görə də burada bugünkü müzakirələr normal keçirildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB